“Sizin gələcəyinizi s… evim”

Rəşad Ergün

O toplar ki bizim qapımızdan girirdi, onlar təkcə Azərbaycanın 21 yaşlı futbolçularıdan ibarət milli komandasının qapısından girmirdi. O toplar AFFA-nın həşəmətli binasının qapısından içəri daxil olub, uça-uça gedib, öz kreslosuna yayxanıb oturmuş baş katib Elxan Məmmədovun təpəsinə dəyirdi.

Fransanın 21 yaşlılardan ibarət komandasının qapımızdan keçirdiyi o beş top var ha, onlar “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı”nın münasib (hara münasibdirsə) yerinə girirdi.

Fransızların milli komandamızın qapısından keçirdiyi o beş top ki var, bir neçə il sonraya uçaraq, Azərbaycan futbolunun gələcəyinin sifətinə çırpılırdı, “sizin gələcəyinizi s… evim, çiləyim” deyirdi.

Qəbul edərkən, bizə (yəni qapımıza) girərkən, səsimizi də çıxara bilmədiyimiz o toplar Elxan Məmmədovun milli komandadan çox, beynəlmiləl komandaya (Anton Krivotsyuk, Doğukan Öksüz, Barış Ekincier – adlara baxın) oxşayan komandasının keçmişinə, gələcəyinə verilən “salam” idi.

O beş topu “həzm edən” milli komandanın baş məşqçisi Milan Obradoviç var ha… Hə, bax, həmin o Obradoviç deyib ki, “Təbii ki biz, Fransa səviyyəsində oynaya bilmərik”. Hansı səviyyədə oynaya bilərik, onu deməyib. Amma deməsə də, məlumdur, bizim oynadığımız futbol məhəllə futbolu səviyyəsindədir.

O beş top ki var, onlar təkcə Azərbaycan millisinin, AFFA-da oturub illərdir nağıl danışanların qapısından içəri girib, münasib yerlərinə tuş gəlmədi, o toplar həm də, Azərbaycan Premyer Liqasında çıxış edən klubların başına dəyib, “gummm” edərək, səs çıxardı. Axı Azərbaycanın U-21 millisinin “şərəfini qoruyan” futbolçuların xeylisi Premyer Liqa klublarında forma geyinib, evinə hər ay 10-15 min manat pul aparan FUTBOLÇULARDIR!

Fransızların Azərbaycan yığmasının qapısından keçirdiyi o beş top ki var, onlar ciblərindəki pullara, altlarındakı bahalı avtomobillərə, evlərə, villalara, sahib olduqları imtiyazlara, vəzifələrə görə susan, yaltaqlığı peşə hesab edən futbol veteranlarının, bu biri dünya ilə o birisi arasında “şpaqat”da qalanların – İsgəndər Cavadov, Maşallah Əhmədov, Kazbek Tauey kimilərin bu biri dünyasına da, o biri dünyasına da oxunan “Fatihə” idi.

O beş top ki var…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button