Rəşad Sadıqov: “İnanmadan nəticə qazanmaq çətindir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı. Dinamik oyun alındı. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi. İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə “Neftçi”də yüksəliş var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır. Rahatlaşmaq olmaz. Bu, yolverilməzdir”.

Sadıqovun sözlərinə görə, baş məşqçi kimi ilk ilində kuboku qazanmaq düşüncəsi yoxdur: “Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə, hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı oyunlara hazırlayıram”.

Baş məşqçi yeni transferlər haqqında da danışıb: “Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipe Pahtmanı meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Nemanya Andelkoviçin oyunundan isə razıyam. Ümumilikdə hər ikisindən razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər”.

Sadıqov, rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: “Öz düşündüklərimizi etdik. Emin Mahmudov “Neftçi”nin döyünən ürəyidir. Futbolçumuzla toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa oyunçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button