Qurban Qurbanovun 10-cu zəfəri

Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bütün titulları “Qarabağ”ın “sükanı arxasında” qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə edilib.

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıblar.

Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Tsxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021 mövsümündə buna nail olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button