“Hədəfim Ceyhun Sultanovun cəzalandırılması idi, ən azı işdən çıxarılmasına nail ola bildim” – Müsahibə

Qubanın “Şahdağ” klubunun prezidenti və futbol meneceri Xanbaba Daşdinin Komanda.az saytına müsahibəsi:

  • Region Liqasında mübarizə aparacaq “Şahdağ”ın planları, hədəfləri nədir?
  • 2019/2020 mövsümündə Region Liqasında iddialı heyətlə iştirak etdik. Bu mövsüm də artıq hazırlıqlara başlamışıq. Çempion olub, yolumuza divizionda davam etmək istəyirik. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev də komandaya öz dəstəyini göstərir. Bu mövsüm Qubamıza çempionluq yaşatmaq üçün birlikdə böyük işlər görəcəyik. Qubaya təyinatından sonra Ziyəddin müəllim yerli camaatın çox rəğbətini qazanıb. İdman sahəsində də, futbolumuzun inkişafı üçün böyük işlərə start vermişik.
  • Region Liqasında mübarizə aparan “Uğur” komandası bir neçə il əvvəl ardıcıl çempion olsa da, diviziona buraxılmamışdı. Sizi bəs necə, buraxacaqlar?
  • “Uğur” komandası haqqında rəy bildirməyim düzgün olmaz. Biz əslində keçən il divizionda iştirak etmək üçün müraciət etmək istəyirdik. Ancaq əsas problemlərdən biri stadionumuzun olmaması idi. Bu mövsüm artıq ev oyunlarımızı əsaslı yenidənqurma işləri başa çatmaq üzrə olan Quba Olimpiya İdman Kompleksində keçirəcəyik.
  • Komandanın sponsorları var?
  • Danışıq apardığımız ciddi sponsorlar var, bu gün də var. Əsasən Premyer Liqaya maraqlıdırlar, divizion üçün də müsbət cavab almaq problem deyildi, sadəcə cəhd etmədim özüm.
  • Klub prezidenti olmaqla yanaşı, həm də menecersiz, komandanıza hansı futbolçuları gətirə bilmisiz?
  • Region Liqasında legionerlərin oynamasına icazə yoxdur. Yoxsa çox gözəl oyunçular cəlb edə bilərdim komandama.
  • Baş məşqçi postuna “Uğur”dan Qəzənfər Abbasovu gətirdiz. Danışıq prosesi necə keçdi, hansı şərtlərlə razılaşdı sizinlə?
  • Danışıq prosesinin son günü dünən oldu. 4-5 saatlıq müzakirədən sonra razılaşma əldə etdik. Əslində ötən mövsüm də Qəzənfər müəllimi komandamda görmək istəyirdim. Çox bacarıqlı, tələbkar, nəticə verə bilən məşqçidir. Qusarın “Şahdağ” klubunda işlədiyim dönəmdə iki mövsüm çempionluq mübarizəsində məğlub olduq, unutmamışam bunları da (gülür).
  • Menecerlik fəaliyyətiniz nə yerdədir, işlər gedirmi?
  • İşlər gedir, bu mövsüm pandemiya səbəbindən açıq-aşkar çətinliklər hiss olunur. Klublar “komisionnu” ödəməkdə çox çətinliklər çəkirlər. Buna görə də, o problemləri yaşamamaq üçün daha sağlam klublara üstünlük verirəm. Hər il əməkdaşlıq etdiyim 4-5 klubu artıq siyahımdan çıxarmışam.
  • Hansı klublarla çalışırsız?
  • Hazırda Azərbaycan Premyer Liqasında “Neftçi”dən başqa, bütün klublarla çalışıram. Türkiyədən də çox klubla, demək olar ki, hamısı ilə əməkdaşlığım var.
  • “Neftçi” ilə problemləriniz hələ davam edir? Paytaxt klubunun keçmiş idman direktoru Ceyhun Sultanovla iranlı yarımmüdafiəçi Saman Nərimancahanın transferi ilə bağlı probleminiz həll olunubmu?
  • Ceyhun klubdan ayrılıb artıq, problemim bitib onlarla. Hədəfim Ceyhunun cəzalandırılması idi, ən azı işdən çıxarılmasına nail ola bildim.
  • Azərbaycan klublarına hansı futbolçuları təklif etmisiz?
  • Təklif olunan oyunçuların sayı belə yadımda deyil, çox oyunçu təklif etmişəm. Sadəcə, rəsmiləşməyən transfer haqqında danışmağım düzgün olmaz. Çox oyunçu ilə maliyyə baxımından razılaşma əldə etmək olmayıb.
  • Bəs artıq rəsmiləşənlər hansılardır? Klubların baş məşqçiləri də legionerlərin Azərbaycana gəlmək istəməməsindən narazıdır. Bu haqda nə deyə bilərsiz?
  • Bu mövsüm Azərbaycana birbaşa öz transferim olmayıb. Öz danışıq proseslərimə görə deyə bilərəm ki, yüksək maaşlar təklif etsək də, liqada komanda azlığına görə imtina ediblər. Ümumi çempionat səviyyəsini problem kimi görməyiblər, ancaq daha yüksək liqalar hədəfləyiblər. Məsələn, daha az maaşa Polşanı, Ukrayna Premyer Liqasını, Türkiyə 1-ci liqasını üstün tutublar.
  • Bu mövsüm Azərbaycan Premyer Liqasına gələn legionerlər arasında hansını daha yaxşı hesab edirsiz?
  • Bu günə kimi ən çox xoşuma gələn “Qarabağ”ın oyunçuları İbrahima Vadji, Kadi Borqes, “Qəbələ”dən isə Yaovi Akakpo olub.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button