“Qarabağ”ın Çempionlar Liqasında pley-offa çıxmaq şansı necədir?

“Qarabağ” dünən UEFA Çempionlar Liqasının 7-ci turunda doğma azarkeşləri qarşısında Frankfurt “Ayntraxt”nı 3:2 hesabı ilə məğlub etməy bacardı. Bu qələbə həm də, Ağdam klubunun pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından əldə etdiyi çox böyük üstünlüyə gətirib çıxardı. Futbolçular baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, meydanda sərgilədikləri döyüşkən oyunla təkcə rəqibi təzyiq altında saxlamadılar, həm də, öz azarkeşlərini böyük qürur hissi ilə sevindirdilər.

Bu qələbə onların pley-off şanslarını artırdı. Matçın gedişində rəqibin sürətli hücumlarına qarşı müdafiədə intizamlı duruş göstərən “Qarabağ” həm də taktiki hazırlığını nümayiş etdirdi. Bir-birindən gözəl kombinasiyalar, dəqiq ötürmələr və topa sahib olmadakı üstünlük sonda arzuolunan nəticəyə gətirib çıxardı. Ağdamlılar almanları demək olar ki, bütün komponentlərdə üstələməyi bacardılar.

“Köhlən atlar” bu mərhələdə keçirdiyi 7 oyunun 3-də qələbə qazanıb, həmçinin, hesabında eyni sayda məğlubiyyət və bir heç-heçəsi var. Ağdamlılar bu matçlarda topladığı 10 xalla Avropanın ən nüfuzlu klub turnirində 36 komanda arasında hazırda 18-ci pillədə qərarlaşıb. Komandanı bu mərhələnin son turunda çətin “Liverpul” səfəri gözləyir. Bu çətin səfərdə isə xal və ya xallara ümid etmək möcüzəyə bərabərdir, reallıqdan uzaq bir gözləntidir. Ancaq yenə də, futbol gözlənilməzlikləri sevən bir oyun olduğundan, hər şey mümkündür. “Şər deməsən, xeyir gəlməz” məsəli bu məqamda yada düşür. Ən azı, komanda bu səfərdə öz səviyyəsini layiqincə nümayiş etdirmək üçün əlindən gələni edəcək.

Bəs, indiki halda “Qarabağ”ın pley-offa vəsiqə qazanacaq 24 komanda arasına düşmək üçün şansları necədir?

Doğrusu, ağdamlıların “Liverpul”la səfər oyunundan xalla dönməsi real görünmür. Ona görə də, əlimizdə olan 10 xalla “yola çıxmağa” çalışacağıq. “Liverpul”dan xal alınması mümkünsüz görünsə də, indiki 10 xalla mövqeyini qoruyaraq turnirdəki iştirakını davam etdirə bilər. Son turda “Qarabağ”ı 24-lükdən kənar saxlama ehtimalı olan komandaların vəziyyəti də ağdamlılıarın xeyrinə ola bilər. Belə komandaların sayı 9-a bərabərdir. Bunlardan ikisi – “Brügge” və “Marsel” bir-biri ilə qarşılaşacaq. Belə olan halda, say enir səkkizə. Digər iki komanda isə “Qarabağ”a cari mövsümdən yaxşı tanış olan “Napoli” ilə “Kopenhagen”dir. Hansı ki, “köhlən atlar” elə bu mərhələdə italiyalılara səfərdə (0:2) məğlub olmuş, danimarkalılara isə evdə eyni hesabla qalib gəlmişdilər.

Bunlardan “Kopenhagen” “Barselona”nın qonağı olacaq. Kataloniyalıların ilk 8-liyə düşmək üçün son şansının bu oyun olduğunu nəzərə alsaq, danimarkalılar üçün 3 xal imkansız görünür, ən yaxşı halda isə heç-heçə “Qarabağ”ı geridə qoymağa yetmir.

“Napoli”nin də işi asan olmayacaq. Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Çelsi” yerini itirməmək üçün Neapol səfərindən xal və ya xallarla dönməyə çalışacaq. Ona görə də, “Napoli”nin də “Qarabağ”ı üstələyəcəyini əminliklə demək olmaz.

Qaldı ki turnir cədvəlində “Qarabağ”dan sonra və ona ən yaxın digər komandalara, mütləq ki, onlardan büdrəyəni olacaq. Bütün bu kimi halları nəzərə alsaq, artıq deyə bilərik ki, “Qarabağ”ı pley-off münasibətilə təbrik etmək olar.

Beləliklə, “Qarabağ” Çempionlar Liqasında uğurlu bir mərhələyə imza ataraq, Azərbaycan futbolunun Avropa səhnəsindəki nüfuzunu artırdı. Pley-off mərhələsində qarşısına çıxacaq rəqib nə qədər güclü olsa da, artıq bu komanda özünü beynəlxalq arenada sübut edib. Növbəti matçlar isə azarkeşlər üçün həyəcan dolu və tarixi anlarla yadda qalacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button