Hansı çempion olacaq: “Qarabağ”, yoxsa “Sabah”? – SORĞU

Ötən mövsüm Azərbaycan kubokunu qazanaraq tarixində yeni səhifə açan “Sabah” üçün cari mövsüm gözlənilməz sınaqlarla başladı. Komandanı uğura aparan baş məşqçi Vasili Berezutski ailəvi səbəblər üzündən postunu tərk etdi və Masazır təmsilçisi yeni çalışdırıcı axtarışına çıxdı. “Bayquşlar” bu vacib məqamda “sükan”ı litvalı mütəxəssis Valdas Dambrauskasa həvalə edərək, iddialı və həmçinin, bir növ riskli qərar verdi.

Mövsümün gedişi isə göstərir ki, klub rəhbərliyinin bu seçimi hələlik tam mənası ilə özünü doğruldur. Dambrauskasın rəhbərliyi altında sabit və inamlı oyun nümayiş etdirən “Sabah” Premyer Liqada illərdir dəyişməz çempion olan “Qarabağ”ı hazırda 4 xal qabaqlayaraq, zirvədə qərarlaşıb və çempionluq yarışında ciddi iddiaçıya çevrilib.

Əlbəttə, “Qarabağ” faktorunu vaxtından əvvəl silmək düzgün olmaz. “Köhlən atlar” hazırda diqqətini UEFA Çempionlar Liqasına yönəldib və məhz bu amilin daxili çempionatda müəyyən boşluqlar yaratdığı açıq-aydın hiss olunur. Masazır klubu isə rəqibinin Avropada başının qarışmasından maksimum yararlanmağa çalışaraq, xal fərqini artırmaq niyyətindədir.

Bu mənzərə fonunda bir sual getdikcə daha da aktuallaşır: bu mövsüm Azərbaycan çempionu “Qarabağ” olacaq, yoxsa “Sabah”?

Komanda.az mövzu ilə bağlı idman mediasında çalışan bəzi həmkarlarımızın fikirlərini öyrənib:

Mahir Rüstəmli (“Futbol+”)

“İndi bu suala cavab vermək çətindir. Məncə, Çempionlar Liqasında mübarizəni davam etdirən və etdirməyən “Qarabağ”ın obrazı fərqli olacaq. Çemponluğun taleyi bu komandaların şəxsi duellərində də həll oluna bilər. Və ya, hansısa məqamda başqa komandaların “Sabah”la “Qarabağ”dan birinə rəğbəti həlledici rol oynaya bilər. İstənilən halda, “Qarabağ”ın Çempionlar Liqasında taleyi bəlli olmadan bu mövzuda hökm verməyə tələsməzdim”.

Anar Şabanoğlu (“sports.az”)

“Azarkeşlər neçə il idi çempionluq uğrunda rəqabət gözləyirdi. Bu, komandaların və ümumiyyətlə, futbolumuzun inkişafı baxımından da vacibdir.

İndidən proqnoz vermək çətindir. “Sabah” bu mövsüm yetərincə güclənib. Baş məşqçi də, yeni transferlər də uğurlu alındı. Aradakı 4 xallıq fərq o qədər çox olmasa da, “Sabah”ın bu üstünlüyü asanlıqla əldən verməyəcəyini düşünürəm. Çempionluq mübarizəsi aparan hər iki komandanın potensialı yüksəkdir. “Qarabağ” daha təcrübəlidir. Amma futbolçuların beynində Çempionlar Liqasıdır. Onlar anlayır ki, “Liverpul” kimi rəqiblərə qarşı bir daha çıxış etməyə bilərlər. Buna görə də, Azərbaycan çempionatının oyunlarında istər-istəməz özlərini qorumağa çalışırlar. Bu, “Sabah” üçün şansdır. “Qarabağ”ın Çempionlar Liqasında çıxışı davam etdiyi müddətdə Valdas Dambrauskasın komandası xal fərqini daha da artırsa, Qurban Qurbanovun komandasına çox çətin olacaq”.

Elçin Cəlilov (“futbolpress.az”)

“Bunu erkən proqnozlaşdırmaq çətindir. Bir dəfə “Qəbələ” oxşar vəziyyət yaratmışdı, ancaq uzun marafonun yekununda “Qarabağ” yenə üstün oldu.

Bu dəfə vəziyyət bir qədər fərqlidir. “Qarabağ” Çempionlar Liqasında davam edir və bu böyük güc itkisinə səbəb olur. Əvəzində “Sabah” çox gümrah görünür və heç vaxt olmadığı qədər uğurlu silsilə yaxalayıb. Ağır Liverpul səfərindən sonra çətin “Turan Tovuz” matçı var, yenə xal itkisi olsa, artıq “Sabah”ın çempionluq ehtimalından ciddi danışmaq olar”.

İxtiyar Əsgərov (“matç.az”)

“İkisindən biri yüz faiz çempion olacaq (gülür). Amma indidən dəqiq proqnoz vermək çətindir. Düşünürəm ki, təcrübəsinə görə “Qarabağ”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button