“Qarabağ” rəsmisindən məşqdə ürəyi dayanan futbolçu haqda AÇIQLAMA

“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb. Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

Futbolçunun səhhəti ilə bağlı son durumu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında Həsənzadənin əməliyyat olunacağını bildirib:

“Təəssüflər olsun ki, bu gün belə bir hadisə yaşanıb. Həqiqətən də, bu hadisə bizi çox üzdü. “Qarabağ-2” komandasının futbolçusu Şirxan Həsənzadə məşqin əvvəlində – isinmə hərəkətləri zamanı səhhətində problemlər hiss edib.

Məşqçilərin, eləcə də, həkimlərin müdaxiləsindən sonra o, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib və ilkin müdaxilə tətbiq edilib. Problem onun ürəyində özünü göstərib.

Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Məsələ burasındadır ki, biz ildə iki dəfə futbolçularımızı ümumi müayinələrdən keçiririk.

Bu günə qədər Şirxanın səhhətində xırda problem belə, aşkarlanmayıb. Eyni zamanda, həmin futbolçu U-21 millisinə mütəmadi dəvət alan oyunçulardandır. Milli komandanın heyətində də tibbi baxışdan keçirilir.

Şükürlər olsun ki, hazırda vəziyyəti yaxşılığa doğru gedir. Həkimlərin ilkin müdaxiləsindən sonra durumu bir qədər yaxşılaşıb. Ümid edək ki, yaxın vaxtlarda biz onun haqda şad xəbərləri eşidəcəyik.

Bir məlumatı da diqqətinizə çatdırım: Şirxan əməliyyat olunacaq və anju ediləcək”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button