“Qarabağ” müdafiə olunmağı xoşlamır”

“Zirə”nin Yunanıstandan olan müdafiəçisi Dmitrios Çantakias “Olimpiakos”un Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Olimpiakos” favoritdir, amma “Qarabağ” öz oyun üslubunu tətbiq etsə, rəqibə problem yaşadacaq. Azərbaycan təmsilçisi özünü sübut etmiş böyük komandadır. “Qarabağ” topa sahib olmağı və hücum etməyi sevir. Müdafiə olunmağı isə xoşlamır. Ötən tur “Nant”a qarşı əla oynadılar və qələbə qazandılar. Yaxşı baş məşqçilər var, son matçlarda gözəl nəticələr göstərirlər. Bu gün sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik”.

Təcrübəli oyunçu “Qarabağ”ın heyətində Abdullah Zubiri xüsusi fərqləndirib: “Ona qarşı daha diqqətli oynamaq lazımdır. Zubir indiyədək tanıdığım ən yaxşı oyunçulardan biridir. Təcrübəmə əsasən deyə bilərəm ki, “Olimpiakos” dördlü müdafiə ilə oynayıb orta sahədə pressinqə üstünlük versə, daha yaxşı olar”.

“Zirə”nin cari mövsümdəki çıxışına da toxunan Çantakias çempionatın əvvəlində daha yaxşı başlanğıca ümid etdiklərini söyləyib: “Məqsədimiz avrokuboklara getməkdir. Bəlkə də çempionata yaxşı başlamamışıq. Amma uğur qazanacağımıza əminəm”.

Bu gün “Georgios Karaiskakis” stadionunda baş tutacaq “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button