“Həyat yoldaşını öldürəcəyik” – “Arsenal”ın futbolçusu təhdid olunub

İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Pelas”la oyununda (2:2) komandasının azarkeşlərinə hörmətsizlik edən “Arsenal”lı Qranit Caka açıqlama verib.

Komanda.az xəbər verir ki, “topçular”ın kapitanı rəsmi “instagram” hesabından etdiyi paylaşımda, azarkeşlər tərəfindən təhdid olunduğunu bildirib:

“Azarkeşlər tərəfindən düzgün başa düşülməmək, son vaxtlar sosial şəbəkə hesablarında və oyunlarda tez-tez təkrar olunan hərəkətlər məni təəssüfləndirdi. İnsanlar mənə “ayaqlarını qıracağıq”, “həyat yoldaşını öldürəcəyik”, “ümid edirik, qızın xərçəng olar” və buna bənzər ifadələr deyirdilər. Bunlar mənə çox təsir etdi. “Kristal Pelas”la oyunda özümü tək hiss etdiyim an bu hissi daha da gücləndirdi. O vəziyyətdə hisslərimə məğlub oldum və komandamızı dəstəkləyən insanlara, mənə yaxşı davrananlara qarşı hörmətsizlik etdim. Niyyətim bu deyildi və insanlar bunu belə başa düşüblərsə, üzr istəyirəm.

Ümid edirəm ki, bu oyunu niyə sevdiyimizi xatırlayaraq, bir-birimizə qarşılıqlı hörmət göstərdiyimiz nöqtəyə geri qayıdarıq”.

Sözügedən qarşılaşmada yerli azarkeşlər “Arsenal”ın yarımmüdafiəçisi və kapitanı Qranit Cakanın əvəzlənməsini sevinclə qarşılayıb. Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı azarkeşlərə cavab olaraq, “sizi eşitmirəm” işarəsi edib. Caka bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb.