“Növbəti yarışlarda da bayrağımızı yüksəltməyə çalışacam”
ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Elşən Məmmədov Las-Veqasda körpücük üzərinə çıxıb. O, 61 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 97 kq nəticə ilə 7-ci yeri tutub. Elşən təkanla qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə də 7-ci olub.
Məmmədov toplam 207 kq (97+120) nəticə ilə yekun sıralamada da 7-ci pillədə qərarlaşıb.
Bu arada yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 55 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz əldə etdiyi uğurla bağlı hisslərini bölüşərək bunları deyib:
“Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki, bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərinin əməyi böyükdür. İlk öncə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlərimi bildirirəm. Bununla yanaşı, yığma komandada əziyyətimi çəkən bütün məşqçilər, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnşallah, qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacam”.
Bizi Facebook-da izləyin