“Neftçi” Namiqi, rəqibi kapitanını itirdi

Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində səfərdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşan “Neftçi” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Pireydəki “Georgios Karaiskakis” stadionunda keçirilən matçın ilk yarısının sonlarında Bakı klubunun hücumçusu Namiq Ələsgərov sıradan çıxıb.

O, rəqib futbolçu Məhəmməd Kamaranın zərbəsinə tuş gəlib. Oyunda hesabı açan rəqib futbolçu Namiqin sifətinə ayaqla zərbə endirib. Nəticədə sifətindən ağır zədə alan Azərbaycan çempionunun ən məhsuldar futbolçusu meydanı tərk etmək məcburiyyətində qalıb. Məşqçilər korpusu onun əvəzində Mirabdulla Abbasovu meydana buraxıblar.

“Olimpiakos”un futbolçusu isə Namiqə qarşı kobudluğuna görə ağır cəzadan qurtula iblməyib. Oyunun portuqaliyalı baş hakimi Joao Pineyro onu 43-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, “Olimpiakos” da ilk yarıda ciddi itki ilə üzləşib. Meydan sahiblərinin kapitanı Andreas Buxalakis zədələndiyi üçün 17-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Yunanıstan çempionunun məşqçiləri onun əvəzində Matye Valbuenanı meydana buraxıblar.