Mourinyonun “Səbail”i seçən “oğlu” Yazı+Fotolar

Son günlər Azərbaycan futbolunda ən çox adı çəkilən, müzakirə olunan odur. Bir vaxtlar “Çelsi”nin, “Real”ın, “Milan”ın şərəfini qorumuş Maykl Essyen Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”lə müqavilə imzaladı. Bəs Maykl Essyen kimdir?

Essyen 3 dekabr 1982-ci ildə Qanada doğulub. Futbol karyerasına Avqustin kollecindən məzun olduqdan sonra, “Liberti Professionals” klubunda başlayır. Onun məşhurluğu isə Qana millisi ilə birlikdə 1999-cu ildə keçirilən 17 yaşlılardan ibarət komandaların dünya çempionatında iştirak etdikdən sonra başladı. Bu çempionatdan sonra bir çox avropalı seleksiyaçılar qanalı futbolçunun izinə düşür. 2000-ci ildə Fransa Liqa 1-də mübarizə aparan “Bastiya” klubu ilə müqavilə imzalayır və elə bu klubda peşəkarlığa doğru ilk addımlarını atır. Karyerasında ilk oyununu da “Bastiya”nın heyətində “Mets”ə qarşı keçirir. 2000-2001-ci il mövsümündə 13 oyuna çıxan Maykl, mövsüm ərzində yeganə qolunu 2001-ci il fevralın 7-də yenə “Mets”ə 2:3 hesabı ilə məğlub olduqları matçda vurdu. Növbəti mövsüm komandanın “sükanı arxasına” keçən Robert Nouzaret onu yarımmüdafiənin mərkəzində oynatmağa başladı və Essyen bu mövqedə məhkəmlənərək, öz oyununu artırdı.

Essyenin orta məktəbdə sakit və ağıllı bir uşaq olduğu deyilir

“Bastiya”da üç mövsüm keçirən Essyen, iştirak etdiyi 65 oyunda 11 qolla yadda qalır. Bu komandada göstərdiyi uğurlu oyunlardan sonra PSJ onu transfer etmək istəyir. Paris təmsilçisi “Bastiya” ilə razılıq əldə etsə də, Essyen PSJ-yə transfer olunmaqdan imtina edir və 2003-cü ildə 7,8 milyon avro qarşılığında Liqa 1-in son çempionu olan “Lion”a keçir. “Lion” formasıyla keçirdiyi iki mövsüm ərzində iki dəfə çempionluq yaşayan futbolçu, Çempionlar Liqasında mübarizə aparır.

Bu isə Essyenin oğludur

Fransada keçirdiyi 5 mövsümdən sonra bu ölkənin vətəndaşlığını əldə edən Maykl, 2005-ci ildə 24,4 milyon avro qarşılığında “Çelsi”yə transfer olundu. Bu transfer sayəsində o, Afrikanın ən bahalı futbolçusu olaraq tarixə keçdi. Öz istedadını İngiltərə meydanlarında da göstərməyə davam edən futbolçu, meydandakı enerjisinə, fiziki gücünə görə “Bizon” deyə çağrılırdı. O, 2006-2010-cu illər arasında “zadəganlar”ın heyətində Premyer Liqa çempionluğu, 3 dəfə Liqa kuboku və İngiltərə kubokunu qazandı, 2008-ci ildə isə Çempionlar Liqasının finalında oynamaq şansı əldə etdi. Bundan başqa, 2006-2007-ci və 2008-2009-cu illər mövsümlərində vurduğu qollar, “Çelsi”nin heyətində mövsümün qolları seçildi.

Essyenin qızı Mişel

2012-ci ildə “Çelsi”nin sabiq baş məşqçisi, həmin vaxt “Real”ın “sükanı arxasında” olan Joze Mourinyo ilə bir araya gələn “Bizon”, “kral klubu” ilə bir mövsümlük icarə əsasında müqavilə imzalayır. “Real”ın keçirdiyi təqdimatda Essyenlə Mourinyo bir-birlərinə “ata”, “oğul” deyə müraciət edirlər. O, Madrid klubunun heyətində keçirdiyi bir mövsüm ərzində 21 oyunda iştirak edir və 2 qolla yadda qalır. Qanalı futbolçu “Real”ın heyətində keçirdiyi son oyunda vurduğu qolu Mourinyoya həsr edir.

2013-cü ildə “Çelsi”yə qayıdan futbolçu, 2014-cü ildə “Milan”la müqavilə bağlayır. Bir il “qırmızı-qaralar”ın heyətində iştirak edən qanalı yarımmüdafiəçi, 20 oyun keçirsə də, qol hesabını aça bilmir.

Essyen karyerasında yaşadığı uğurlara baxmayaraq, zaman-zaman ailəsi tərəfindən təzyiqlərə də məruz qalıb və bu məsələlərlə gündəmə gəlib. Futbolçunun atası Ceyms Essyen xəstə olmasına baxmayaraq, oğlunun ona baxmadığını deyib, onu soyadından məhrum edəcəyini bildirmişdi:

“Bir müddət xəstə oldum və bu müddət ərzində ondan heç bir xəbər olmadı. Artıq onun bu adı daşımasının mənası yoxdur. Soyadımı buraxdığından əmin olmaq üçün hər şeyi edəcəm. Onu məhkəmələrdə süründürmək lazım olsa da, bunu edəcəm”.

Essyenin atası Ceyms Essyen

Futbolçu isə bu iddiaları yalanlamış, atasının xəstəliyinin müalicəsi üçün ona maddi dəstək verdiyini bildirmişdi.

İnsanlar oğlu Essyenin ona baxmadığını deyən Ceyms Essyeni görmək üçün ona baş çəkəndə, onu bu vəziyyətdə görmüşdülər

Essyen Qananın əsas millisində ilk dəfə 2002-ci ilin 4 oktyabrında, Misir yığmasına 0:2 hesabı ilə məğlub olduqları oyunda iştirak edib. O, Qana millisi ilə 3 dəfə Afrika Millətlər Kubokunda və 2006-cı ildə dünya çempionatında iştirak edib. Qana millisi 2010-cu ildə keçirilən dünya çempionatında iştirak etsə də, Maykl zədə səbəbiylə bu mundialı buraxmalı olur. Ümumilikdə, 52 dəfə milli komandanın formasını geyinən Essyen, bu oyunlarda 9 qolla yadda qalıb.

İndi isə Essyen üçün yeni macəra başlayır. Bu macəranın adı isə Azərbaycan Premyer Liqası, “Səbail” klubudur. Bəlkə çempionat oyunlarında stadionlardan uzaq düşən azərbaycanlı azarkeşlər, böyük karyerası olan bu futbolçuya görə tribunalara üz tutarlar. Yaşayarıq, görərik.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button