“Minimumdan maksimum əldə etməyə çalışmışıq”

“Kəpəz” Birinci Divizionda ikinci dövrəyə doğma meydanda start verəcək.

Komanda.az xəbər verir ki, sabah “sarı-göylər” Gəncə şəhər stadionunda çempionatın liderlərindən biri olan MOİK-i qəbul edəcək.

Komanda qarşıdakı oyuna hazırlığı bu gün keçirdiyi son məşqlə başa vurub. Təxminən bir saat davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq, toplu çalışmalarla davam edib və taktiki tapşırıqların yerinə yetirilməsi ilə başa çatıb.

“Hərbçilər”lə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Zədəli olmasa da, komandanın heyətində iki cəzalı var. Yarımmüdafiəçilər Ruslan Süleymanov və yeni transfer Əli Səmədov MOİK-lə görüşü buraxacaq.

Çempionatın ikinci dövrəsinin startı ilə bağlı komandanın baş məşqçisi Etibar İbrahimov klubun mətbuat xidmətinə açıqlama verib: “Komanda qış fasiləsi müddətində qarşıdakı oyunlarda nəticələrin yaxşı olması üçün çox əziyyət çəkib. Bir çox çətinliklərin olmasına baxmayaraq futbolçular istər məşq proseslərində, istərsə də yoxlama oyunlarında əllərindən gələni edib. Buna görə oyunçulara təşəkkür düşür. Minimumdan maksimum əldə etməyə çalışmışıq. Yeni transferlərimizdən çox şey gözləyirik. Komandaya dəvət etdiklərimiz futbolçulardan ikisi bildiyiniz kimi, elita təcrübəsinə malikdir. Tural Rzayevlə Əli Səmədovun bizə çox xeyri dəyəcək. Təəssüf ki, sonuncu cəzalı olduğundan MOİK-ə qarşı oyunda çıxış edə bilməyəcək. Tural Rzayevin isə müəyyən zədəsi olduğundan bir müddət bərpa dövrü keçib. Qısa müddətdə onu hazırlamağa çalışdıq. Hər iki futbolçuya böyük ümidlər bəsləyirik”.

Qeyd edək ki, “Kəpəz” qış “transfer pəncərəsi” dövründə bu ikili ilə yanaşı, heyətinə daha üç futbolçu cəlb edib. Komanda hücumçu Cavid Hümmətli, yarımmüdafiçi Oqtay Məmmədov və müdafiəçi Coşqun Kərimli ilə güclənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button