
“Messinin niyə belə unikal futbolçu olduğunu həmin final matçında anladım”
Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olan Mario Götze, mundialın finalında Argentina yığmasının hücumçusu Lionel Messiyə qarşı oynamağın necə hiss olduğunu xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, Messiyə qarşı əvvəllər “Barselona”nın heyətində çıxış etdiyi dönəmdə oynadığını bildirsə də, onun böyüklüyünü dünya çempionatının finalında tam dərk etdiyini söyləyib:
“Mən ona qarşı əvvəllər də, “Barselona”da çıxış etdiyi zaman oynamışdım. Amma Argentina millisinə qarşı həmin final tamamilə başqa idi. Düşünürəm ki, məhz o vaxt onun niyə belə unikal futbolçu olduğunu həqiqətən anladım. O, oyunun böyük hissəsində sadəcə meydanda gəzir. Ancaq top ona çatan kimi artıq onu tutmaq mümkün olmur. O, oyunun ritmini və dinamikasını inanılmaz dərəcədə incə hiss edir. Məhz buna görə də hələ də oynayır, hələ də qol vurur. Məncə, o, sadəcə inanılmaz futbolçudur”.
Almaniya millisi 2014-cü il dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan yeganə qolla – 1:0 hesabı ilə məğlub etmişdi. Həmin matçda qələbə qolunun müəllifi də məhz Mario Götze olmuşdu.
Bizi Facebook-da izləyin



