Emrelinin keçmiş meneceri: “Qardaş, Mahirin mənim məsləhətimə ehtiyacı olsaydı…” – Müsahibə

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Polşanın “Legiya” klubundan ayrılacağı gözlənilir.

24 yaşlı futbolçu azarkeşlərin hücumundan sonra klubda qalmaq istəmir və “Legiya”nı tərk etmək niyyətindədir. Mahir “Legiya”dan ayrılmaq üçün klubun rəhbərliyinə müraciət etsə də, onun istəyi müsbət qarşılanmayıb. Məsələ ilə bağlı Mahirin keçmiş meneceri Tural Əsgərovla danışdıq.

Əsgərovun Komanda.az saytına müsahibəsini təqdim edirik:

  • Mahir Emrelinin başına gələnlər haqda fikirlərinizi bilmək istərdik. Mahirin agenti olduğunuz zaman ona “Legiya”ya getməməyi məsləhət görmüşdüz…
  • Doğrusu, o vaxt olanlar haqda indi danışmağın bir mənası, faydası yoxdur. O vaxt deyirdim, indi də deyirəm ki, Mahirlə maraqlanan klublar arasında ən yaxşısı, ən uyğunu “Legiya” deyildi. Mən onun daha ciddi bir çempionata keçməsinin tərəfdarı idim. Amma bu, mənim fikrimdir. Mahir mənimlə razılaşmadı. Bu, onun öz həyatıdır, özü bilər. Son seçimi hər zaman futbolçu edir. Onun seçimi “Legiya” oldu. Demək istəmirəm ki, Mahirin “Legiya”da uğursuz olacağına əmin idim. Amma o vaxt da vəziyyət indiki kimi idi. Mahir üçün əsas olan düşdüyü vəziyyətdən özü üçün az itki ilə çıxmaqdır.
  • Bəs hazırda Mahir üçün düz olan nədir?
  • Bu suala cavab verə bilməyəcəm. Gərək, real vəziyyətin nə yerdə olduğunu dəqiq biləsən və mənim də bundan xəbərim yoxdur.
  • İddialara görə, azarkeşlərin Mahirə hücum etməsinin təşkilatçısı “Legiya” rəhbərliyidir. Bu, nə dərəcədə inandırıcıdır?
  • Vallah, çox üzr istəyirəm, amma bu, sərsəm bir iddiadır. Yenə də üzr istəyirəm, o qədər sərsəm olasan ki, “Legiya”nın Mahiri buraxmaq istəməməsini bilə-bilə onların belə bir hərəkətə yol verdiyinə inanasan.
  • Mahirin məsələsi hazırda Azərbaycan futbolunun əsas mövzusudur və futbolçu ilə bağlı istənilən məsələ gündəm olur. Belə bir vəziyyətdə futbolçunun Bakıya gəlib, televiziya proqramlarında iştirak etməsi nə dərəcə düzgündür?
  • Mövzu media üçün maraqlıdırsa, gündəm olacaq. Mahirin mediada bu qədər işıqlandırılması normal haldır. Özünün də mediaya belə maraq etməsi öz seçimidir. Adam var ki, mediadan uzaq durmağa çalışır, adam da var ki, mediada, gündəmdə olmağı xoşlayır.
  • Emrelinin atası Anar Mədətov son açıqlamasında Mahirin indiki durumuna görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan da narazılıq edib ki, onunla maraqlanmır.
  • Mahirin atasının açıqlamasında “Qarabağ”ı və Qurban Qurbanovu günahlandırmasını birmənalı olaraq sezmədim. O, bu açıqlamada sanki Qurbanova “imdad” deyə, müraciət edir. Elə məsələlər var ki, Qurbanov da imdad əlini uzada bilmir. Bundan başqa, Mahirin atası futboldan uzaq adamdır. Hazırda Mahirin problemi ilə agentləri və vəkilləri məşğul olmalıdır.
  • Mahirin menecerliyini də anası yerinə yetirir…
  • Vallah, bu haqda bilmirəm. Ailəsidir, yanındadır. Normal haldır ki, Mahiri istəyənlər öz aləmlərində ona düzgün məsləhət verməyə çalışırlar. Bu da normal haldır. Amma söhbətin peşəkar menecerlikdən getdiyinə inanmıram.
  • Mahirlə yollarınızı ayırmağınız “Legiya” məsələsinə görə oldu, ya necə?
  • Yox, bizim Mahirlə yollarımızı ayırmağımızın səbəbi “Legiya”ya keçməsi deyil. “Legiya”ya keçəndən sonra onunla yollarımızı ayırdıq. Bu məsələnin uzun bir tarixçəsi var və bir neçə günə görə olmayıb. Bu, Mahirlə mənim aramda olan məsələdir və bu haqda danışmağı düzgün saymıram.
  • Mahirlə əməkdaşlığınız olub. Ona nəyi məsləhət görərdiz? Nə etməlidir ki, karyerasında daha yaxşı bir dönəm başlasın?
  • Qardaş, Mahirin mənim məsləhətimə ehtiyacı olsaydı, indiyə kimi mənimlə işləməyə davam edərdi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button