La Liqa klubundan yeni transfer və 10 illik müqavilə

İspaniyanın “Osasuna” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi xorvatiyalı hücumçu Ante Budimiri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Malyorka”dan transfer olunan 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Osasuna” Budimiri ötən mövsümün əvvəlində “Malyorka”dan satınalma şərti ilə bir illik icarəyə götürmüşdü. Xorvatiya millisinin də üzvü olan futbolçu bu komandada özünü yaxşı tərəfdən göstərə bilib. Bu üzdən də La Liqa təmsilçisi 8 milyon avrosundan keçərək onun transfer hüquqlarına da sahib çıxıb. “Osasuna” hücumçusuna qiymət də qoyub. Onu 2025-ci ilin yayından tez transfer etmək istəyən klub 20 milyon avro təzminat ödəməlidir. Bu zaman gəlirin 25 faizi “Malyorka”ya ödəniləcək.

Ante Budimir 2019-cu ildən “Malyorka”da çıxış edirdi. O, daha öncə “Krotone”, “Sampdoriya”, “Sankt-Pauli”, “Lokomotiva” (Zaqreb), “İnter Zapreşiç” kimi klubların da uğurları üçün çalışıb.

“Osasuna” digər futbolçusu Con Monkayola ilə də müqavilənin müddətini uzadıb. La Liqa təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə 10 illik yeni sözləşmə imzalanıb. Klub ispaniyalı oyunçuya ilk 2 il üçün 22 milyon, növbəti illər üçün isə 20 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, 2019-cu ildən “Osasuna”nın əsas komandasında çıxış edən Monkayola 68 oyunda 3 qol vurub.