Kaşuk “Sabah”la vidalaşdı

“Əla vaxt keçirdiyim, unudulmaz anlar və emosiyalar yaşadığım “Sabah”dan ayrılıram”.

Komanda.az xəbər verir ki, bunu 2022/2023 mövsümünü icarə əsasında “Sabah”ın heyətində keçirən Aleksey Kaşuk sosial şəbəkədə paylaşımında yazıb.

Müqavilə ilə məxsus olduğu Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna qayıdan 23 yaşlı futbolçu Azərbaycan təmsilçisi ilə vidalaşıb. Burada gözəl vaxt keçirdiyini bildirən Kaşuk buna görə minnətdarlıq edib: “Böyük komanda, böyük insanlarla vidalaşmaq çətin və emosional olur. “Sabah” rəhbərliyinə, məşqçilərinə, həkimlərə, fizioterapevtlərə, bütün klub işçilərinə təşəkkür edirəm. Onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm. Hər şeydən çox ötən il mənimlə paltardəyişmə otağını paylaşan futbolçuları qucaqlayıram. Təbii ki, həm meydanda, həm də ondan kənarda həmişə xüsusi sevgi və yaxınlıq hiss etdiyim azarkeşlərə minnətdarlıq etməyi də unutmuram”.

Kaşuk həm özünün, həm də ailəsinin Azərbaycandan sevgi ilə ayrıldığını vurğulayıb: “Bir il birlikdə çox sevinc, xoşbəxtlik paylaşdıq. Klubun hədəflərinə çatmasına kömək etmək üçün gəlmişdim. Azarkeşlərin də dəstəyi ilə buna nail olduq. Ailəm və mən bu klubda, ölkədə gördüyümüz qarşılanmaya, sevgiyə görə sonsuza qədər minnətdar olacağıq”.

Ukrayna millisinin üzvü “Sabah”la yenidən yollarının kəsişəcəyinə inanır: “Yollarımız ayrılsa da, özümü həmişə “Sabah” ailəsinin üzvü kimi hiss edirəm. Doğma “Sabah”ıma gələn mövsüm uğurlar arzulayıram. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir. Ancaq həmişə bu klubu sevəcəyəm, dəstəkləyəcəyəm. Siz həmişə qəlbimdə qalacaqsınız. Çox sağ olun”.

Xatırladaq ki, Kaşuk 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button