“Kəpəz” Gəncədə oynamalıdır” – Yaşar Vahabzadə

“Kəpəz”in baş məqçisi Yaşar Vahabzadə Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuun çətin keçəcəyini bildiridk. Güclü rəqibə qarşı oynadıq. “Zirə” avrokuboklarda ölkəmizi təmsil edib. Bu gün əks-hücumlardan istifadə etməyə çalışdıq. Futbolçulardan razı qaldım. Meydanda etdikləri tərifəlayiqdir. Gələcəkdə daha yaxşı oynamağa çalışacağıq.

İkinci qolu öz səhvimizdən və təcrübəsizliklırindən buraxdıq. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. Rəqibi təbrik edirəm. Əvəzetmələrin oyunun gedişatını dəyişəcəyindən ehtiyatlandığım üçün meydana yeni futbolçu buraxmaq istəmədim. Bu gün bizi 1 xal da qane edə bilərdi. Amma lazımsız top itkisindən sonra qapımızda qol gördük”.

O, komandanın çox çətin durumda olduğunu bildirib: “Kənardan maliyyə dəstəyi yoxdur. Sonradan stadion problemi yarandı. Əvvəl dedilər ki, az sayda azarkeşin iştirakı ilə Gəncədə oynayacağıq. Amma sonra eşitdik ki, rəqiblərimizi Bakıda qəbul edəcəyik. Hamı Gəncə azarkeşlərinin çılğınlığını yaxşı bilir. Bölgə komandasıyıqsa, Gəncədə oynamalıyıq. Orada oynasaydıq, hər şey ola bilərdi”.

Vahabzadə iki oyunçu ilə bağlı problem yaşadıqlarını bildirib: “Transfer vərəqələri gəlməyib. Yaxın günlərdə komandaya yeni futbolçular qoşulacaq”.