Jiru və Mbappe üçün tarixi matç

Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyunu Fransa yığmasının hücumçuları Olivye Jiru və Kilian Mbappe üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, hər iki futbolçu Fransa millisinin tarixinə düşüb.

Jiru 44-cü dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Bununla da 36 yaşlı forvard millidə vurduğu qollarının sayını 52-yə çatdırıb. O, Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın “Atletiko” (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.

Mbappe isə dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub. Bu matçda dubl edən hücumçu şəxsi göstəricisini yaxşılaşdırıb. Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb. Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.

Bununla da ulduz futbolçu Argentina millisinin kapitanı Lionel Messi ilə dünya çempionatlarındakı qol sayını bərabərləşdirib.

Fransa millisi 1/4 finalda İngiltərə – Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button