
Romariodan Ronaldoya məsləhət
Braziliya millisinin sabiq hücumçusu Romario hesab edir ki, Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldo 2026-cı il dünya çempionatından sonra karyerasını başa vurmamalıdır.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, veteran futbolçunun yaşını nəzərə almağın vacib olduğunu bildirib:
“İnsanlar Ronaldonu olduğu kimi qəbul etməlidirlər. Həmçinin, başa düşməlidirlər ki, indiki Ronaldonu 28 və ya 30 yaşındakı ilə müqayisə etmək olmaz. Həyat belədir, yaşlanırıq, daha təcrübəli oluruq. Onun yerində olsaydım, dayanmazdım, min qola çatana qədər oynamağa davam edərdim”.
41 yaşlı Ronaldo Şimali Amerikada keçirilən dünya çempionatının qrup mərhələsində hər üç oyunda meydana çıxıb. O, Özbəkistan millisi ilə matçda (5:0) dubla imza atıb.
Portuqaliya yığması K qrupunu ikinci pillədə başa vurub və 1/16 finalda Xorvatiya millisi ilə qarşılaşacaq.
DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.
Bizi Facebook-da izləyin



