“Hazırda optimal formamızdan uzağıq” – Murad Musayev

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində Macarıstanın “Pakş” komandası ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçdan sonra baş məşqçi Murad Musayev təlim-məşq toplanışını dəyərləndirib və oyunla bağlı fikirlərini bildirib.

Rusiyalı mütəxəssis hazırlıqdan, komandanın məşqlərə yanaşmasından razı qaldığını deyib:

“Hələ ki, hər şey planlaşdırdığımız kimi gedir. Məşqlərdən razıyam, komanda xüsusi fədakarlıqla çalışır. Lakin ən çətini hələ irəlidədir, yükləmələrin artması ilə daha çox yorğunluq olacaq. Təlim-məşq toplanışı həmişə çətin olur. Burda ustalıqdan savayı xarakter və öz imkanların daxilində maksimum çalışmaq da çox önəmlidir”.

Murad Musayev bu gün komandanın qələbəyə daha yaxın olduğunu, lakin hələ optimal formasından uzaq olduğunu qeyd edib:

“Hazırda optimal formamızdan uzağıq. Oyunun məzmunu da buna uyğun idi. Hər oyun fazasında artıma ehtiyac var. Matçda bəzi məqamlar məni razı saldı. Topa nəzarət və irəli xətdə anlaşma yaxşı səviyyədə idi. Düşünürəm ki, bu gün biz hücumda daha təhlükəli və qələbəyə yaxın tərəf idik. Amma təlim-məşq toplanışında nəticənin heç bir önəmi yoxdur. Vacib olan qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək və mümkün zədələrdən yayınmaqdır”.

Antalya toplanışı çərçivəsində daha 2 oyunun keçirilməsi nəzərdə tutulub. “Sabah” yanvarın 25-də Serbiya “Mladost”u ilə qarşılaşacaq. Digər rəqibin adına qarşıdakı günlərdə aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button