“Hələ tam istədiyim Coşqunu ala bilməmişəm” – Müsahibə

“Sabah” klubunun baş məşqçisi Elşad Əhməvoun Komanda.az saytına müsahibəsi:

– Komandanın son turlarda uğursuz çıxışının səbəbi nədir?

– Məncə, bu məğlubiyyətləri bir az çox qabardırıq. “Qəbələ” ilə bir hissə 10 nəfərlə mübarizə apardıq. “Səbail”lə görüşdə isə hücumda itkilərimiz var idi. Marko Deviç cəzalı idi, Elşən Abdullayev zədələnmişdi. “Səbail”lə ilk hissədə yaxşı oynamışdıq. İkinci hissədə boşluqlarımız oldu və uduzduq. Son iki oyunda uğursuzluq yaşadıq, oyunumuz alınmadı və nəticədə, uduzduq. Ancaq bərbad oynadığımızı düşünmürəm.

– Komandada hücumçu problemi görünür. “Qəbələ” ilə keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında hücumçu axtardığınızı demişdiz. Məsələ nə yerdə qalıb?

– Axtarışlar davam edir. Bizə uyğun hücumçu axtarırıq. Hücumçular çoxdur, ancaq bizə uyğun olanları seçəcəyik. Ancaq biz 5-10 oyunluq hücumçu gətirmək istəmirik. Növbəti mövsümə indidən heyət qurduğumuz üçün, bu çempionatda oynaya biləcək oyunçu axtarırıq.

– Təmkin Xəlilzadənin qış transfer pəncərəsi dövründə “Sabah”a keçidi maraqla qarşılanmışdı. Təmkin potensialı olan futbolçudur, amma sanki ümidləri doğrultmur. Onun oyunu sizi qane edirmi?

– Təmkin yaradıcı futbolçudur, Azərbaycan millisinin də üzvüdür. Demək olar, Azərbaycanda sol cinahda oynayan sol ayaqlı nadir futbolçulardandır. Bizə gəldikdən sonra “Zirə” ilə matçda və “Səbail”lə qarşılaşmada forma geyinib. “Qəbələ” ilə matçda olmamışdı. “Zirə”yə qarşı yaxşı oyun sərgilədi. Bircə, “Səbail”lə oyunda zəif təsir bağışladı. Təmkindən gözləntilərimiz çoxdur.

– Digər yeni transferlər – Rəşad Eyubov və Coşqun Diniyevin sərgilədiyi oyundan razısızmı?

– Rəşad demək olar, tam açılışıb. Tam formadadır. Türkiyədəki təlim-məşq toplanışında da bunlar görünürdü. Ancaq hələ tam istədiyim Coşqunu ala bilməmişəm. Bilirəm, onun potensialı var və o da açılışacaq. Gəldiyindən bu yana iki oyunda olub və bir hissə oynayıb. Türkiyədəki təlim-məşq toplanışına bir az gec qoşulduğuna görə, həm də, gələndən sonra xəstələnmişdi. Cəmi 5 dəqiqə oynamışdı.

– Debütant olaraq, bu mövsüm Premyer Liqada neçənci yeri tutsaz, sizi qane edər?

– “Sabah”ın 2018-ci ildəki komandası olanda deyirdik ki, Premyer Liqada möhkəmlənmək əsasdır. Yenə də eyni fikirdəyik. Qışda yeni transferlər etdik, bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik.

– Həftəsonu “Qarabağ”la qarşılaşacaqsız. Ağdam klubuyla son oyunda 1:1 hesablı heç-heçə etmişdiz. Bəs budəfəki oyundan gözləntiləriniz nədir?

– “Qarabağ”a qarşı iki oyun oynamışıq. Birincidə “Əlincə Arena”da 0:2 hesabıyla məğlub olduq. 82-ci dəqiqədə qol buraxmışdıq. Düzdür, “Qarabağ”la oyunda nəticə əsasdır. İndiki halda “Qarabağ”a qarşı yaxşı oyun sərgiləmək özü xoş haldır. Son illərin çempionuna qarşı belə oynamaq, futbolçular üçün də maraqlıdır. Futbolçularım da bu oyuna tam ciddiyyətlə hazırlaşırlar.

– Marko Deviçin bu oyunda iştirak etməyə hazır olması komandanız üçün üstünlük sayılırmı?

– Əlbəttə, Deviç “Sabah” üçün vacib futbolçudur. Bizim ön xətdə əsas “silah”ımızdır.

Şahin Cəfərov