Futbolu ələ salan diktator oğlu Yazı+Fotolar

Keçmiş Liviya diktatoru Muəmmar Qəddafi təkcə ölkədə qurduğu rejimlə deyil, eyni zamanda, övladlarının həyatı ilə də tez-tez gündəmə gəlirdi. Bu mənada, onun 6 övladından 3-cüsü olan Səədi Qəddafini xüsusi fərqləndirmək olar. Söhbət atasının əldə etdiyi, insanlar üzərində yaratdığı güc sayəsində istədiyi insan ola bilən, istədiyi həyatı yaşayan, bütün istəklərini maneəsiz həyata keçirə bilən birindən gedir.

Səədi Qəddafinin istədiyi və uğrunda hər yola əl atdığı şey isə futbolçu olmaq idi. Futbolçu olmaqla bağlı qərar verəndə onun 27 yaşı var idi. Əvvəllər futbol oynamamış, bu oyunla bağlı heç bir keçmişi olmayan birinin 27 yaşında peşəkar olaraq meydana çıxması heç kimi təəccübləndirmədi. Muəmmar Qəddafiyə qarşı heç bir söz deyilməyən ölkədə onun oğlunun belə bir addım atmasına da problem yaradan olmadı. Beləliklə, heç bir futbol karyerası olmayan Səədi, bir anda ölkənin ən köklü və böyük klublarından olan “Əl-Əhli”də forvard olaraq oynamağa başladı. Futbolçu kimi ilk kubokunu 2000-ci ilin dekabrında qazandı. Liviya superkubokunda rəqib meydana çıxmaqdan imtina edir və “Əl-Əhli” kuboku qazanır.

Həmin mövsüm komandanın heyətində keçirdiyi 24 oyunda 3 qolla yadda qalan Səədi, “Əl-Əhli”nin çempion olmasına kömək edə bilmədi. Komandası ilə birlikdə liqa çempionluğu yaşaya bilməyən futbolçu, ən asan yolu seçdi. O, “Əl-Əhli”nin əzəli rəqibi olan və həmin mövsüm çempionluğu qazanan “Əl-İttihad”ı alır və özünü həmin kluba transfer edir.

Futbolçu istedadından daha çox, meydandan kənardakı gücüylə liderlik edən Səədi, federasiya prezidenti, klub prezidenti, komandanın kapitanı kimi ünvanlar qazandı. Bunlarla kifayətlənməyən diktator oğlu, Liviyada ilin futbolçusu oldu və komandaya yeni futbolçular transfer edərək, baş məşqçi vəzifəsini də öhdəsinə götürdü.

Onun forma geyindiyi matçlarda şərhçilər bütün futbolçuların nömrəsini söyləyərkən, təkcə onun adını deyirdilər. İstədiyi vaxt, istədiyi klubun formasını geyinmək haqqına sahib olan futbolçu, nəinki milli komandaya dəvət aldı, hətta yığmanın kapitanı oldu. Millidə uğursuz çıxış etdiyi üçün baş məşqçi onu ehtiyatda saxlayırdı. Amma bu, millinin baş məşqçisinə baha başa gəldi. Səədi həm də federasiya prezidenti olduğu üçün mütəxəssisi yığmadakı postundan qovdu.

Liviyada yaşayan bir çox insanın düşüncəsinə görə, ölkə futbolu bir nəfərin əyləncəsinə görə oynanılırdı. Bundan başqa, sonralar, oyunların birində əvəzlənən Səədinin meydandan çıxan zaman həm öz komandasının, həm də rəqib komandanın futbolçuları ilə əl sıxışıb görüşməsi nəticəsində, bu, ən uzun futbolçu əvəzlənməsi olaraq tarixə keçdi.

“Əl-İttihad” formasıyla ardıcıl iki mövsüm çempion olan Səədi, Liviya çempionatından bezməyə başladı. Əvvəl “Mançester Yunayted”də oynamaq istəyən Qəddafi, digər xəyalının arxasınca getdi və “Yuventus”da oynamağa qərar verdi. Qəddafi ailəsinin sahibi olduğu şirkətlərdən biri “Yuventus”un 10 faizlik səhmlərinə yiyələnmişdi. “Ağ-qaralar”la məşqlərə başlasa da, “Yuventus” onu transfer etmədi. Yenə də bezməyən Qəddafi, “Peruca” klubuna transfer olundu. Amma ortaya başqa bir problem çıxdı, “Yuventus”un səhmlərinin bir hissəsinə sahib olduğuna görə ona yeni klubunda oynamaq üçün lisenziya verilmirdi. Bu problem onun üçün çox bəsit idi, “Yuventus”dakı hissələrini əldən çıxarıb, yeni klubunda oynamağa başladı.

Yeni klubunda forma geyinmək şansı qazanmayan Səədinin qanında qadağan olunmuş maddə tapıldığı üçün iki il futboldan məhrum olundu. Belindəki xroniki zədə səbəbiylə dərman istifadə etdiyini deyən Qəddafinin cəzası 2 ildən 3 aya endirildi. Şübhəsiz ki, bu qərarda atasının gücünün də böyük rolu oldu.

2003-cü ildə İtaliya A Seriyasına transfer olunsa da, yalnız 2004-cü ildə meydana çıxmaq imkanı qazandı “qəhrəmanımız”. “Peruca”nın “Yuventus”la matçında 75-ci dəqiqədə meydana çıxan 19 nömrəli Səədi, qalan vaxt ərzində topa toxuna bilmədi.

2004-2005-ci il mövsümündə oynamaq imkanı qazana bilməyən futbolçu, digər A Seriyası komandası “Udineze”yə transfer olundu. Həmin mövsüm Çempionlar Liqasında mübarizə aparan komandanın heyətində sadəcə 11 dəqiqə meydanda olmaq şansı qazandı. 2006-cı ilin mayın 7-də keçirilən oyunun son dəqiqələrində meydana daxil olan Səədi, qapıya ilk zərbəsini vurdu. Bu, onun karyerasının son oyunu idi. 2006-2007-ci il mövsümündə “Sampdoriya” ilə razılığa gəlsə də, bu klubda forma geyinmək şansı qazanmadan karyerasını bitirdi.

Onun xoşbəxt günləri uzun çəkmədi. 2011-ci ildə “Ərəb baharı” adı verilən hadisələr nəticəsində atasının devrilməsindən sonra qorxan Səədi, Nigerə sığınır. Amma burda da çox qala bilmir, Niger hökuməti tərəfindən paytaxt Niameydə həbs olunur və Liviyaya təhvil verilir…

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button