“Futbolçularımız titullarının sayını artırmaq arzusundadırlar” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 36-cı turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (2:2) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Neçə tur əvvəldən çempionluğu təmin etmələrinə baxmayaraq, kuboku bu gün alacaqlar. Hamı bunu gözləyir. Elə futbolçu var ki, ilk dəfə çempionluğu bayram edəcək, ilk dəfə bu hissi keçirəcək. Sakit matç alındı. Hər iki komandanın futbolçuları centlmensayağı oyun keçirdilər. Mənim üçün xoş oldu. Bəzən son görüşlərdə xoşagəlməz hadisələr olur. Belə olmasını istəməzdim. Elmar Baxşıyevə uğurlar arzulayıram”.

Baş məşqçi Azərbaycan kubokunun “Zirə” ilə final görüşü barədə də danışıb: “Futbolçular bəlkə də daha çox istirahət etmək istəyərdilər. Amma onlar peşəkardırlar. Titullarının sayını artırmaq arzusundadırıar. Hər il belə şans ələ düşmür ki, kubokun finalında oynasınlar. Bu, əlavə prestijdir. Çox yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. “Zirə” çempionatın ikincisi oldu, yaxşı təcrübə topladı. Son matçlarda daha intizamlı çıxış edirlər, yaxşı müdafiə olunur, düşünülmüş hücumlara keçirlər. İnanıram ki, hamı üçün maraqlı oyun gözləyir. İkinci dəfə “Zirə” ilə finalda qarşılaşacağıq. Hər iki komandanın oyunçularına yaxşı oyun və uğurlar arzulayıram”.

Qurbanov qazanılan növbəti çempionluğa da toxunub: “Hər mövsümdə üç turnir var. Çempionat, kubok, avrokuboklar. Hər üçündə düşündüyümüz kimi oynadıqsa, bizim üçün avantajdır. Əvvəlki çempionluqları daha aktiv qeyd etmişdik. İndiki çempionluq neçə tur əvvəldən rəsmiləşmişdi. Qarşıya qoyulan birinci məqsədimiz çempionluq idi. Bunu əldə etmişiksə, əvvəlki uğurlardan fərqi yoxdur. Çempionluqların sayını nə qədər artırsaq, həm klubun, həm futbolçular üçün bir iz, avantaj olur. Çempion adı həmişə dəyərlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button