
Elmar Baxşıyevdən onu transfer məsələlərində günahlandıran Axundova cavab – MÜSAHİBƏ
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının cari mövsümünün gedişində baş məşqçi Elmar Baxşıyevlə yollarını ayırıb, “sükan”ı ukraynalı mütəxəssis Andrey Demçenkoya tapşırdı. Rəhbərlik Baxşıyevlə yolların ayrılmasını komandanın qeyri-sabit çıxışı ilə əsaslandırmışdı. Amma Naxçıvan təmsilçisi tarixində ilk dəfə məhz Baxşıyevin komandaya rəhbərliyi dönəmində, ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazanmış və bir mərhələ keçməyi də bacarmışdı.
Elmar Baxşıyevdən sonrakı dönəmdə komanda nəinki nəticələri yaxşılaşdırıdı, hətta daha da uğursuz çıxışı ilə yadda qaldı. Görünən odur ki, naxçıvanlılar ötən mövsümkü uğuru cari mövsümdə təkrarlaya bilməyəcəklər. Komandanın avrokubok iddiası real görünmür. Klubun qeyri-rəsmi prezidenti Zaur Axundov mətbuata (“qol.az”) verdiyi son açıqlamasında komandanın uğursuzluğu fonunda hələ də keçmiş baş məşqçi Elmar Baxşıyevi və onun seleksiya işini günahlandırıb.
Bu və digər suallara cavab tapmaq üçün Baxşıyevlə əlaqə saxladıq. O, Komanda.az-a müsahibəsində Axundovun adlarını çəkdiyi bir neçə futbolçunun “Araz-Naxçıvan”ı çalışdırarkən ona təklif olunmadığını dedi:
– Elmar bəy, işsiz günləriniz necə keçir?
– İstirahət edirəm, həm Azərbaycan Premyer Liqasını, həm də Avropanın digər ölkələrinin liqalarını, eləcə də qitəmiqyaslı oyunları izləyirəm.
– Keçmiş komandalarınız “Qəbələ” və “Araz-Naxçıvan”nın cari mövsümdəki çıxışı barədə nə düşünürsüz?
– Hər iki komanda fərqli məqsədlərlə yola çıxıb. “Qəbələ” çempionatdakı yerini qorumağa çalışır. Bunun üçün şansları davam edir. “Araz-Naxçıvan”ın avrokuboklar zonasına düşməsi bir qədər çətin görünür. Detallı şəkildə danışmağım düzgün olmaz. Hər iki komandaya uğur arzulayıram.
– Zaur Axundov transferlərlə bağlı açıqlamasında sizi günahlandırıb. Xüsusilə, “Şamaxı”da çıxış edən Dioqo Balau və Karim Rossi ilə bağlı səsləndirilən fikirlərə münasibətiniz nədir? Axundov iddia edib ki, həmin futbolçular vaxtı ilə “Araz-Naxçıvan”a təklif olunub, amma siz imtina etmisiz.
– Bəli, transferlərlə bağlı yekun qərarı mən verirdim. Hər məşqçinin oyun sistemi var və ona uyğun futbolçu cəlb etməyə çalışır. Biz də təklif olunan futbolçuları izləyir, məsləhətləşir, qərar verirdik. Çalışırdıq ki, seçəcəyimiz oyunçular həm avrokuboklarda, həm də çempionat oyunlarında bizə kömək etsin. Dediyiniz futbolçular bizə təklif olunan oyunçuların siyahısında olmayıb.
– Yeni mövsüm üçün hansısa klublardan təkliflər var? “Şamaxı” ilə bağlı iddialar doğrudurmu?
– Hələ ki, hansısa klubdan təklif almamışam. Təklif olarsa, danışıq aparmaq olar. Təbii ki, burada da qarşıya qoyulan hədəf, şərtlər və şərait vacibdir.
– Azərbaycan futbolunda tez-tez müzakirə olunan hakimlik məsələsinə münasibətiniz necədir? Sizcə, problem nə ilə bağlıdır?
– Hakim səhvləri hər zaman olub, olacaq da. Bəzən bəsit səhvlər olur ki, bu da emosiyaları çoşdurur. Çempionat sona yaxınlaşır, hakimlər maksimum diqqətli olmalıdır, komandaların taleyi həll olunur. Kifayət qədər təcrübəlidirlər, ancaq yüngül səhvlər edirlər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



