
“Xankəndi”nin yeni baş məşqçisi: “Karvan-Yevlax”la uzun sürən mübahisəli məsələlər həllini tapdı”
İkinci Liqada çıxış edən “Xankəndi”nin bu gün yeni baş məşqçisinin adı rəsmi olaraq açıqlandı.
Bölgə təmsilçisi “sükan”ı “Karvan-Yevlax”dan mübahisəli şəkildə ayrılan baş məşqçi Azər Həşimovun köməkçisi olmuş Zaur Hacıyevə tapşırdı.
Hacıyev Komanda.az-a açıqlamasında “Xankəndi” ilə uzunmüddətli danışıqlar apardığını bildirib:
“Uzun müddət idi ki, danışıqlar gedirdi və bu gün “Xankəndi” ilə anlaşa bildik, müqaviləyə imza atdıq. Çox məsuliyyətli bir iş olduğunu dərk edirəm. Hər birimiz bilirik ki, “Xanxəndi” bizim tarixi şəhərimizdir və uzun müddət düşmən tapdağı altında idi. Dövlətimizin, ordumuzun, unudulmaz şəhidlərimizin, qazilərimizin hesabına və xalqımızın dəstəyi ilə torpaqlarımızı geri qaytara bilmişik. Hər birimiz də bilirik ki, futbolun siyasi tərəfləri də var. Mən istəyərdim ki, “Xankəndi” komandası nəinki aşağı, yuxarı liqalarda, həmçinin, Avropa arenalarında ölkəmizi və şəhərimizi layiqincə təmsil etsin. Bu, bizim üçün çox vacibdir. Ona görə də, əlimizdən gələni edəcəyik. “Qaradağ-Lökbatan” kimi ciddi rəqibimiz var. Bu baxımdan, bizim də danışıqlarımız oldu, çalışacağıq ki, klubu daha da peşəkarlaşdıraq. Bu, həm işçi, həm də məşqçi heyəti ilə olacaq. Yəqin ki, futbolçularla da bağlı dəyişiklik olacaq. Ümumiyyətlə, sistemlər və strategiya ilə bağlı müəyyən dəyişikliklər edəcəyik. Düşünürəm ki, uğurlu ola biləcəyik. Ancaq bunu zaman göstərəcək. Biz əlimizdən gələni edəcəyik”.
Hacıyevə “Karvan-Yevlax”dan ayrılmasının mübahisəli proses olduğunu xatırladaraq, təzminat məsələsinin həllini tapıb-tapmadığını soruşduq:
“O klubla uzun sürən mübahisəli məsələlər belə deyək, bir formada həllini tapdı. Biz artıq onlarla ayrıldıq, sadəcə, ordan aldığım məlumata görə, klub rəhbərliyi və idarəedici heyət arasında kommunikasiya problemi olduğu üçün bizim məsələlərdə bir az problemlər yaranmışdı. Amma mən klubla görüşdüm və artıq “Karvan-Yevlax”dan rəsmi olaraq ayrıldım. Düşünürəm ki, o komanda da Premyer Liqada qalmaq üçün mübarizə aparacaq, çalışacaq. Və ümid edirəm ki, buna nail olacaqlar. Hər bir halda, bütün klublarımıza uğurlar arzulayıram”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



