
“Çox əziyyət çəkirik” – Füzuli Məmmədov
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”nin qonağı olub.
Komanda.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı olub.
Məmmədov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Çox maraqlı oyun oldu. Mübarizəli oyun idi. Hər iki komanda yaxşı çıxış etdi. Standart vəziyyətdən qol buraxdıq. Sonradan hücuma atıldıq. Təəssüf ki, qol vura bilmədik. Şanslarımız da var idi, amma yararlana bilmədik. Əvəzetmələr etdik, qol epizodları yaxaladıq. Bilirdik ki, “Zirə” yaxşı komandadır. Onları təbrik edirəm.
Əlimizi aşağı salmayacağıq. Növbəti oyunlara hazırlaşacağıq. Çox çətindir, xalımız aşağıdır, turnir cədvəlinin sonuncu pilləsindəyik. Futbolçuları psixoloji hazırlamaqda çətinlik çəkirik. Qol vurmaq istəyirik, alınmır.
Bundan qabaq da belə hallar oyub. Erkən əvəzləmələr etmişik. Bu oyunda da etdik. Bunlar taktiki gedişlərdir. Hesabda geridəydik, ona görə oyuna hücumameyilli oyunçu salırıq. Oyunçunun zəif çıxışına görə bunu etmirik. Taktiki gedişlər edirik.
Çox əziyyət çəkirik. İnanın ki, mənimlə bərabər futbolçular da əziyyət çəkir. Çox istəyirəm ki, hakimlər bizim oyunlarımızda daha diqqətli olsunlar. Hansısa xırda səhv çempionatdan kənarlaşmağımıza gətirib çıxara bilər”.
“Karvan-Yevlax” növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



