Qvardiola “Mançester Siti”nin gələcək baş məşqçisinin adını açıqladı

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, Premyer Liqada əsas rəqibləri olan “Liverpul”la bağlı danışıb:

“Keçmişdə qazandığımız uğurlar  gələcəkdə də uğurlu olacağımız mənasına gəlmir. İndiyədək dəfələrlə “Liverpul”un karyeramda qarşılaşdığım ən çətin rəqib olduğunu demişəm. Bu, zəiflik göstəricisi deyil. Bunu “Liverpul” bizdən öndə olarkən də, biz irəlidə olanda da demişəm. Yenə qalib gələ və ya məğlub ola bilərik. Bu yarışın nə qədər çətin olduğunu bilirik, buna baxmayaraq, çətinliklərin öhdəsindən gəlməyi bacarmalıyıq”.

48 yaşlı mütəxəssis, hazırda köməkçisi olan Mikel Artetanın gələcəkdə “şəhərlilər”in baş məşqçisi olacağını da deyib:

“Məndən sonra komandanı Artetanın çalışdıracağına və uğurlu olacağına əminəm. Hazırda çox gəncdir, amma məşhur futbolçularla, böyük klublarla işləmək təcrübəsi var. Bundan başqa, inanılmaz iş əxlaqına sahibdir. Vəziyyəti təhlil etmək və həll yolu tapmaqda xüsusi istedadı var”.

Premyer Liqada keçirdiyi 6 turdan sonra 13 xal toplayan “Mançester Siti” ikinci pillədə qərarlaşıbsa, lider “Liverpul”du.