Böyük dəbilqə: Ağayev qızıl, Heydərov bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 təmsilçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev fransalı Jolan Florimont və yaponiyalı Genki Koqaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə monqolustanlı Sumiyabazar Enxtaivana şans verməyən cüdoçumuz finala vəsiqəni təmin edib. Balabəy Ağayev həlledici qarşılaşmada rusiyalı Ramazan Abdulayevlə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən idmançımız mötəbər yarışın qızıl medalına sahib olub.

Digər cüdoçumuz Hidayət Heydərov (73 kq) Fransa təmsilçisi Enzo Gibellidə, ardınca almaniyalı Aleksandr Qablerdən üstün olub. O, dörddəbir finalda tacikistanlı Somon Mahmadbekovla bacara bilməyib. Təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi üstələyən təmsilçimiz üçüncü yer uğrunda görüşdə yerli idmançı Giyom Şen ilə üz-üzə gəlib. Hidayət Heydərov rəqibini ipponla məğlub edib və nüfuzlu yarışın bürünc medalına layiq görülüb.

Digər cüdoçularımız isə erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu qalib adı uğrunda yarışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button