Blatterdən DÇ-2022 ilə bağlı şok etiraf

FİFA-nın sabiq prezidenti Jozef Blatter maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az “Tagesanzeiger”-a istinadən xəbər verir ki, Blatter DÇ-2022-nin təşkilatçılığının Qətərə verilməsinin səhv olduğunu deyib:

“Qətər çox kiçik ölkədir, futbol və dünya çempionatı bu dövlət üçün çox böyükdür. Qətəri seçmək səhv idi. FİFA-nın İcraiyyə Komitəsində 2018-ci ildə Rusiyanın, 2022-ci ildə isə ABŞ-ın dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı razılığa gəldik. İki siyasi rəqib növbə ilə dünya kubokunu təşkil etsəydi, bu, sülh jesti olardı”.

Blatter deyib ki, FİFA-nın həlledici konqresinə bir həftə qalmış UEFA-nın o vaxtkı prezidenti Mişel Platini ona zəng edərək, planın baş tutmayacağını bildirib:

“Platini bir gün əvvəl Qətər şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın”.

Blatterin dediyinə görə, məhz Platininin səsləri sayəsində dünya çempionatı ABŞ-a yox, Qətərə keçib:

“Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı”.

DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı yekun qərar 2010-cu ilin dekabr ayında açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button