“Neftçi-2” tarixə düşdü

Azərbaycan 1-ci divizionunda qızıl medalların sahibi bəlli olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 25-ci turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Neftçi-2” çempion adını qazanıb. Paytaxt təmsilçisi son iki turun nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib.

Mahmud Qurbanovun yetirmələri bununla da, Azərbaycan futbolunda ilkə imza atıb. İndiyədək heç vaxt 1-ci divizionda hansısa klubun ikinci komandası çempion olmamışdı. “Neftçi-2” belə uğurun müəllifi olan ilk komanda kimi tarixə düşüb.

1992-ci ildən keçirilən 1-ci dəstədə ilk ikinci komanda 1993-cü ildə mübarizə aparıb. Həmin vaxtdan fasilələrlə aşağı liqada ehtiyat qüvvələr də çıxış edib. Bir müddət əvəzedicilərin öz çempionatının olması da belə fasiləyə səbəb olub.

1997/98 və 1998/99 mövsümlərində 1-ci dəstə, 2002/03 mövsümündə ümumiyyətlə çempionat keçirilməyib. 1993/94 mövsümündə isə final mərhələsinin iki qrupunun qalibləri yüksək liqaya vəsiqə qazansa da, öz aralarında çempionu müəyyənləşdirməyib.