“Araz-Naxçıvan”dan xəbəri olmayan naxçıvanlı, “İmişli’ “sevdalı”sı qubalı (ÇAYXANA)

Kürşad

– Əhməd! Ay Əhməd!

– Nədi, ay Məmməd? Eşidirəm dana, Allah öyünü tiksin.

– Gördünmü “Sabah” nətəri çempion oldu? Zalım uşaxları hələ kuboku da qapazladılar.

– Eşitdim həə, yaman oynuyflar finalda “Zirə”ynən. “Molodes”!

– Sən tələsmə, “molodes”i Çempionnar Liqasının oyunnarından sonra deyərsən. “Qarabağ” döyül ha, deyəsən qabağına gələni udub gedəcək qabağa. İnammıram bu “Sabah” Çempionnar Liqasında çox qabağa gedə bilsin.

– A kişi, sən Çempionnar Liqasın-zadı boş ver e. Deyillər bizim Premyer Liqada komanda sayın artıracaxlar yenə.

– Sən canın kim deyir onu, Əhməd? Yenə “tik tok”da-zadda görüfsən, eləmi?

– Hə, valla. Deyir iki dənə də komanda gələcək, say qalxacaq olacaq on dörd.

– A kişi, kimə lazımdı on dörd dənə komanda? Odey, “İmişli” komandası var, gedib Qubada oynuyur. Mən başa düşə bilmirəm ki, qubalının nəyinə lazımdı “İmişli” nətəhəri oynayır, nə “rezultat”ı olur. Hələ “Araz-Naxçıvan” var e, deyir naxcıvannıların çoxunun o komandadan xəbəri yoxdur.

– Sən də ağ eləmə, sən canın.

– Dədeyin dədəmin goru haqqı, “tik tok”da görmüşdüm, naxçıvannı cavan uşax idi, deyir mən hələ indi bilmişəm ki, bizim komanda Premyer Liqada oynayır.

– Pay atonnan!

– Həə, öz canım üçün eləcənə deyirdi indi bilmişəm ki, Naxçıvanın belə komandası var, Bakıda oynuyur. Belə baxanda, düz deyir dana. A kişi, Bakıda nə qədər komanda olar? Nə qədər stadion olar?

– Əşii, nəyimiz düzdü ki, futbolumuz da düz ola? Sən futbolun başın burax e. Denən əl boyda şəhərdə bu qədər insanın, bu qədər maşının, bu qədər universitetin, tələbənin, məytəbin nə işi var, a kişi? Sən öl, özüm ölüm, “uje” evdən çıxmağa qorxur adam. Ayağını çölə atanda elə bilirsən ki, kimisə tapdalayacaxsan, ya da səni tapdalayacaxlar. Sən də deyirsən komanda sayın artıracaxlar. Artırıb neyniyəcklər? Axırda çoxu gəlib yenə Bakıda oynuyacax dana.

– O heç, orası düzdü. Bizimkilər həmişə “çiy iş” görür də. Yenə cəhənnəm, Lənkəranda, Masallıda, Astarada komanda olsaydı, deyərdim həə.

– Lənkəranın, Masallının “kitabı bağlanıb”, inanmıram oralardan komanda gətirələr çempionata. Yadına gəlir dana “Xəzər Lənkəran”?

– Yadımdadı Məmməd, yadımdadı. Sənnən bir dəfə Bakıdakı oyunnarına da getmişdik. Heyif o cür komandaya, yaxşı da azarkeşləri vardı.

– Hə, demə ee. Gül kimi komanda idi. Heyif oldu o kişinin zəhmətinə.

– Mübarizi deyirsənmi, ayə?

– Hə dəə, Mənsimovu.

– Həə… Çay da soyuyuf e. Qardaşoğluu!.. Gör heç baxırmı bura? Ayə, qardaşoğluu, bizim çayı təzələ. Sən dədeyin goru, içinə kəkotu da at. Onsuz da ağappax çay verirsən, heç olmuya kəkotulu olsun, özümüzə təskinnik verək ki, ağlığı kəkotudandı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button