AÇ-də son 15 ilin uğuruna imza atan yığma ilə görüş keçirildi

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Maltanın paytaxtı Vallettada yeniyetmələr arasında Avropa birinciliyində 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan milli komanda ilə görüş keçirilib.

Komanda.az xəbər verir ki, görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev, yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçisi Vurğun Cəfərov və taekvondoçular iştirak ediblər.

Nağı Səfərov bildirib ki, yekunlaşmaqda olan il Azərbaycan taekvondosu, xüsusilə də yeniyetmələrdən ibarət komanda üçün çox uğurlu il olub:

“2022-ci ildə dünya çempionumuz oldu, Avropa çempionlarımızın sayı artdı. Böyüklər və gənclərdən ibarət komandalarla müqayisədə hələlik ən böyük uğur sizə məxsusdur. Bu da sizin ilin yığması olmanız deməkdir. Bu münasibətlə sizi və müəllimləri təbrik edirəm. Qazanılan uğurlarda hər birinizin böyük əməyi var. Dünya çempionatında fəxri kürsüdə yer ala bilməyən taekvondoçular Avropa birinciliyində sözləri dedi. İnanıram ki, bununla kifayətlənməyəcəksiz və uğurlarınız davam edəcək”.

Federasiya rəsmisi vurğulayıb ki, dünya və Avropa birinciliklərində artıq öz sözünü deyən komanda üzvləri adlarının həmişə yüksəkdə olması üçün daha səylə məşq etməli, müəllimlərin verdiyi tapşırıqları yerinə yetirməlidir.

Niyaməddin Paşayev yeniyetmələrdən ibarət komandanın il ərzində çıxış etdiyi yarışlardan uğurla qayıtmasını federasiya üçün böyük qürur adlandırıb. O, yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirən idmançılara təşəkkürünü bildirib.

15 ildən sonra Avropa birinciliyindən tarixi uğurla qayıdan komandanı qarşıda daha böyük və məsuliyyətli turnirlər gözlədiyini qeyd edən vitse-prezident taekvondoçulara məsləhətlərini də verib:

“Bu, məşqçi və ailəniz üçün böyük uğurdur. Çalışıb qazandığınız bu titulları daha yüksəltmək lazımdır. Bunun üçün üzərinizdə daha çox işləməli, növbəti yaş qruplarında da inamlı çıxış vacibdir. Hər birinizin döyüşün izlədim. Çox yaxşı döyüşdüz. Sonadək irəliləmək üçün rəqibin fərqi olmamalıdır. Əgər sən çempion olmaq istəyirsənsə, hamıdan güclü olmalısan, bütün döyüşlərini qələbə ilə bitirməlisən və qarşında heç bir maneə olmamalıdır”.

Yığmanın baş məşqçisi Rəşad Məmmədov komandaya inam üçün federasiya rəhbərliyinə minnətdarlıq edib. O bildirib ki, Avropa birinciliyində böyük heyətlə çıxış etmək faydalı olub: “Etimad göstərdiyimiz hər bir uşağı sınamaq imkanı əldə etdik.

Uğurlarımızda komandaya yaradılan şəraitin də xüsusi rolu var. Çünki həm yarışa çox yaxşı hazırlaşdıq, həm də Vallettada hər şey bizim üçün çox yaxşı təşkil edildi. Çalışacağıq ki, bununla kifayətlənməyək və uğurlarımız davamlı olsun”.

Komandanı təbrik edən Vüqar Məmmədov və Bəxtiyar Mirzəliyev də yığmanın son yarışlardan uğurla dönməsini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, vacib məqam bu uğurun davamını gətirmək və daim yüksəklərdə qalmaqdır.

Ardınca taekvondoçular çıxışlarını dəyərləndirib və döyüşlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Vallettada Zəhra İsayeva (29 kq), İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq) qızıl, Xuraman Cavadzadə (37 kq), Elcan Əliyev (65 kq) gümüş, Mehdi Budaqlı (33 kq), Fuad Məhərrəmli (45 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb. Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında Avropanın 3-cüsü olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button