AÇ-2020: İngiltərədə azarkeşlərdən COVİD-19 pasportu tələb olunacaq

AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək İngiltərədə qarşılaşmaları stadiondan canlı izləmək istəyən azarkeşlər üçün təlimatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, qrup mərhələsinin oyunlarını canlı izləmək istəyən azarkeşlərdən COVİD-19 pasportu tələb olunacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Yaşı 11-dən çox olan fanatlar turnirdən ən azı 14 gün öncə peyvəndin ikinci dozasını qəbul etməlidir. Birinci dozanı almış azarkeşlər isə stadiona daxil olmaq üçün qarşılaşmalardan 48 saat əvvəl koronavirus testininin mənfi çıxdığını sübut edən sənəd təqdim etməli olacaqlar.

İngiltərə hələlik azarkeşlərdən COVİD-19 pasportu tələb edən yeganə ölkədir.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq. Qrupun bütün oyunları İngiltərədə keçiriləcək.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.