ABŞ millisinin yarımmüdafiəçisi La Liqa klubunda

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ-dan olan yarımmüdafiəçi Luka de la Torre və ispaniyalı mərkəz müdafiəçisi Unay Nunesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandın “Herakles” klubundan transfer olunmuş Luka de la Torre ilə 4 illik müqavilə imzalanıb. Klub bu transfer üçün qarşı tərəfə 2 milyon avro ödəyib. ABŞ yığmasının da üzvü olan 24 yaşlı yarımmüdafiəçi, 2020-ci ildən Niderland klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 67 oyunda 2 qol vurub. Torre daha öncə İngiltərədə “Fulhem”in formasını geyinib.

Unay Nunes isə Bilbao “Atletik”indən qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. 25 yaşlı futbolçu 2016-cı ildən formasını geyindiyi Bilbao təmsilçisində 107 oyun keçirib, 3 qol vurub. O, daha öncə “Baskoniya”da və İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Selta” öz yarımmüdafiəçisi Orbelin Pinedanı da Yunanıstanın AEK klubuna icarəyə göndərib. 26 yaşlı futbolçu İspaniya klubuna bu ilin yanvarında transfer olunsa da, ümidləri doğrultmayıb. Meksika yığmasının da üzvü olan futbolçu, əvvəllər “Krus Asul”, “Qvadalaxara” və “Keretaro”da da oynayıb. O, milli komandada 48 oyuna 6 qol vurub.

Yeri gəlmişkən, Unay Nunesi “Selta”ya icarəyə verən Bilbao klubu, yarımmüdafiəçisi İniqo Visente ilə də yollarını ayırıb. 24 yaşlı vingerlə müqaviləyə xitam verilib. Peşəkar karyerasına “Baskoniya”da başlamış futbolçu, 2017-ci ildən “Atletik”də çıxış edirdi. O, bu komandada 36 oyuna çıxıb, 5 qol vurub. Visente 2019/20 və 2021/22 mövsümlərində “Mirandes”də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button