“Araz-Naxçıvan”dan yeni transfer
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə yollanan “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Felipe Santosu heyətinə qatıb.
Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.
Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel”i (Hayfa) olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin uğurları üçün çalışıb.
“Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə isə müqaviləni yeniləyib.
Bizi Facebook-da izləyin