“Beşiktaş”dan yeni transfer

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Bosniya və Herseqovina yığmasının “Konyaspor”da çıxış edən yarımmüdafiəçisi Amir Hacıahmetoviçi transfer edib.

25 yaşlı futbolçu yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. “Beşiktaş” bu transfer üçün Konya klubuna 3.2 milyon avro ödəyib.

Hacıahmetoviç “Jelezniçar”ın yetirməsidir. O, 2016-cı ildən formasını geyindiyi “Konyaspor”da 199 oyuna 17 qol vurub. Futbolçu ölkəsinin yığmasında da 21 oyun keçirib.

“Konyaspor” digər yarımmüdafiəçisi Zyumer Byutyuqini də Yunanıstanın “Olimpiakos” klubuna satıb. Super Liqa təmsilçisi bu transferdən də 1 milyon avro qazanıb. 26 yaşlı vingerin yeni klubu ilə müqavilə müddəti açıqlanmır.

Byutyuqi 2020-ci ildən oynadığı “Konyaspor”da 83 matça çıxıb, 11 qol vurub. O, daha öncə “Vikinq” və “Sandnes”də də forma geyinib. Yarımmüdafiəçi Kosovo millisində 16 matça çıxıb, 1 qol vurub.

Əvəzində “Konyaspor” “Olimpiakos”un yarımmüdafiəçisi Andreas Buxalakisi icarəyə götürüb. Yunanıstandan olan 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi Türkiyədə oynayacaq. 2018-ci ildən “Olimpiakos”da çıxış edən mərkəz yarımmüdafiəçisi bu komandada 226 oyuna 14 qol vurub. O, daha öncə “Erqotelis” və “Nottingem Forest”də də oynayıb, Yunanıstan yığmasında 35 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button