“Kəpəz” PFL-ə müraciət edib, razılıq istəyəcək

“Kəpəz” klubu Misli Premyer Liqasındakı ev oyunlarını Gəncə şəhər stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisinin İdarə Heyətinin iclasında komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub.

İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb.

Nəticədə, şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Yeni rəyə uyğun olaraq, klub ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı PFL-ə müraciət edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button