İslamiada: Elmar Qasımovdan gümüş medal

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə fərdi mübarizəyə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə yalnız Elmar Qasımov medal qazana bilib.

100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib. Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Müzəffərbəy Turaboyevlə görüşüb. 22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.

100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb. Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.

Bu gün tatamiyə çıxan digər 3 cüdoçu medal qazana bilməyib. Osetin əsilli Azərbaycan idmançısı Zelim Tçkayev yarımfinalda Vedat Albayraka (Türkiyə), daha sonra bürünc medal görüşündə üçqat Asiya mükafatçısı Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzaraq mükafatsız qalıb. Südabə Ağayeva isə Şoxista Nəzərovaya (Özbəkistan) uduzaraq medal ümidindən əl çəkib. Həmin çəkidə yarışan Günel Həsənli Zita Ornella Biamini (Kamerun) məğlub edərək Minel Akdənizlə (Türkiyə) bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin Günel “Golden score”da bu rəqibinə uduzaraq medalsız qalıb.

Bununla da Azərbaycan cüdoçuları İslamiadada fərdi mübarizəni 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.

Sabah isə komanda yarışları olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button