“Sevdiyim işlə məşğul olduğum üçün 30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm”
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıya qayıdıb.
Komanda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan idmançıların qarşılanma mərasimi keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbov komandanı qarşılayanlar arasında yer alıb. Nazir güləşçiləri və məşqçiləri təbrik edib, onlarla xatirə şəkli çəkdirib.
Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:
“Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir. Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm. Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru “Dəmir yumruq” əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik”.
Dünya çempionu Rafiq Hüseynov isə bunları deyib:
“Yarış həm mənim, həm də komandamız üçün uğurlu keçdi. 2018-ci ildən sonra yenidən DÇ-də klassik güləşdə qızıl medal əldə etdik. Bundan başqa, komanda hesabında 3-cü yeri tutduq. Əlbəttə, sevindirici hallarla yanaşı, üzücü məqamlar da oldu. Komanda yoldaşlarımı təbrik edirəm. Medal qazanmayan güləşçilərimizə də gələcək yarışlarda uğurlar arzulayıram. Məşqçi və həkimlərdən ibarət heyətimizə təşəkkürümü bildirirəm. Bu yarışda olimpiya kateqoriyalı hakimimiz Asif Şirəliyev 2 finalı idarə etdi. Bu da qürurverici məqamdır, Azərbaycanın uğurlarından biridir.
2011-də Avropa çempionu olmuşam. Daha sonra qitə birinciliyində bürünc medal qazanmışam. Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasında yer almışam. Sevdiyim işlə məşğul olduğum üçün 30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm”.
Bizi Facebook-da izləyin