Ədalətə barmaq edilərsə…

Mətbuatda Vüqar Həsənliyə mövsümün sonunadək təyinat verilməyəcəyi, hətta qarşıdakı mövsümlərdə də oyun almayacağı və ümumiyyətlə, bu sahədən uzaqlaşdırılacağının mümkünlüyü barədə bir neçə mənbədə məlumata rast gəldim. İlk baxışda burda elə bir ciddi hal yoxdur, düşünmək olar ki, hakim yəqin bu cəzanı haqq edəcək iş tutub, buna görə də cəzalandırılıb. Ola bilər. Kiminsə etdiyi səhvə görə cəzasını alması normaldır. Lakin bir şərtlə! Cəza qanuna müvafiq olsun.

Qanuna müvafiq yazdıq, amma bu belədirmi? Məsələ burasındadır ki, yazılanlara inansaq, Vüqar Həsənlinin idarəçiliyi üst səviyyədə məmur qarşıdurmasına, şikayətlərə səbəb olub, ona görə də, Hakimlər Komitəsinə Həsənlinin cəzalandırılması haqda göstəriş gəlib. Diqqət edin, cəzalandırma hansısa qanunun hansısa maddəsinə görə yox, kiminsə göstərişinə görə olub.

Əlbəttə, bu məlumatın nə qədər doğru olub-olmadığını dəqiq deyə bilmərik. Yalandırsa, heç. Amma doğrudursa, bu, qanunsuzdur və korrupsiya elementidir.

Demokratiya olan yerlərdə qərar qanunla müəyyənləşir, kiminsə göstərişi ilə deyil. Bəzən mətbuatda oxuyuruq ki, hansısa telekanalın hansısa verilişi kiminsə xoşuna gəlməyib deyə, həmin verilişi bağlatdırıb. Hansısa qanunsuz göstərişlə iş görülürsə, bu, korrupsiyadır. Korrupsiya təkcə rüşvət alıb vermək deyil. Kiməsə qanunsuz şəkildə göstəriş, sifariş vermək də korrupsiyadır.

Bir halda rəhbər şəxs öz qərarı ilə kimisə vəzifəsindən, işindən azad edə, özbaşına qərar verə bilər. O bu haldır ki, hansısa obyekt və ya subyekt həmin adamın şəxsi mülkiyyəti olsun. Hətta belədə də, həmkarlar təşkilatı məsələyə qarışa və verilən qərarın ədalətli, ya da ədalətsiz olduğunu araşdıra bilər.

Federasiya da kiminsə şəxsi mülkü deyil, futbol ictimaiyyətinin qurumudur. Burda verilən qərarlar hansısa səlahiyyətlinin hakimin idarəçiliyindən xoşu gəlməməsi ilə deyil, yazılan qanunla müəyyənləşir. Kiminsə xoşuna gəlməyibsə, o demək deyil ki, hər şey həmin adamın istədiyi kimi olmalıdır.

Vüqar Həsənlinin məsələsində bildiyim qədəriylə qaydalar belədir ki, əvvəlcə onun işinə qiyməti hakim-inspektor verməlidir. Məhz hakim-inspektorun qiymətindən və raportundan sonra Hakimlər Komitəsi referinin növbəti matçlara təyinat almasına, yaxud cəzalanmasına qərar verir. Başqa sözlə, hakimin bir oyun, mövsümün sonunacan, yaxud ömürlük cəzalanmasına səbəb, onun idarəçiliyinə verilən qiymətdən doğan qanunun müvafiq maddəsi olmalıdır. Amma bu qiyməti peşəkar verməlidir, yəni oyunun hakim-inspektoru. Başqasının yuxarıdan barmaq eləməsi həm işə qeyri-peşəkar yanaşmadır, həm də, qanun pozuntusudur.

Oyun qaydaları futbolun qanunudur. Bu qanunu meydanda tətbiq edən hakimdir. Qanun tətbiq edəni kiminsə barmaq göstərişi ilə, yəni qanunsuz şəkildə vəzifəsindən azad etmək ədalətsizlikdir. Bir qanun qoruyan (hakim) ədalətsizlik edibsə və onun etdiyi ədalətsizliyi başqa bir ədalət qoruyan ədalətsizliklə cəzalandırırsa, onda bu ədalətsizlik ədalətli görünmür. Əksinə, ədalətsizliyin həcmini böyüdür. Bu, biabırçılıqdır. Təkrar edirəm, yazılanlar doğrudursa…

Belə hallar totalitarizmdə mümkündür. Biz isə demokratik ölkədə yaşayırıq və demokratiya yolu seçmişik. “Biz demokratik ölkədə yaşayırıq” sözlərinə etiraz edən olsa… Hər halda, mən bu sətirləri yaza bilirəmsə, vəziyyət heç də pis deyil.

P. S. İş elə gətirib ki, Vüqar Həsənli haqqında bir həftə ərzində ikinci dəfə yazı yazıram. Bu, sırf təsadüfdür. Həsənlini şəxsən tanımıram və ona hansısa simpatiyam və ya antipatiyam yoxdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button