Ronaldo bu dəfə formasını yerə atdı

“Yuventus” İtaliya A Seriyasının 30-cu turunda “Cenoa”nı məğlub edib.

Komanda.az xəbər verir ki, “qoca sinyora”nın hücumçusu Kriştiano Ronaldo 3:1 hesabıyla bitən matçdan sonra formasını çıxararaq, yerə atıb. Ronaldonun futbolkasını meydanın kənarında olan topdaşıyan uşaq götürüb.

“Yuventus”un baş məşqçisi Andrea Pirlo Ronaldonun bu hərəkətinə belə münasibət bildirib:

“Məncə, normal davranışdır. Qol vurmaq istəyir, alınmayanda da əsəbiləşir. Xüsusilə, belə mürəkkəb oyundan sonra Ronaldo kimi çempion ruha sahib olan bir futbolçunun qəzəblənməsi normaldır”.

Ronaldo bu mövsüm “Yuventus”la 37 oyunda 32 qol vurub.

Ronaldo bir müddət əvvəl Portuqaliya millisinin heyətində Serbiyaya qarşı keçirdikləri oyunda (2:2) hakimin qərarına əsəbiləşərək, kapitanlıq sarğısını yerə atmışdı.