Vəcdə gələn futbol zəhmətkeşlərimiz

Rəşad Ergün

Azərbaycan millisinin 60 dəqiqə azlıqda qalan Qazaxıstan yığmasını məğlub etməklə AVRO-2024-ün pley-off mərhələsində mübarizə aparmaq üçün çox az da olsa, şansı var. Amma nə olur olsun, bu qrupun ən güclüsü, ən yaxşısı Qazaxıstan millisidir.

Slovakiya futbolunda nəsildəyişmə prosesi gedir, bir neçə il sonra yenidən Avropada sözlərini deyəcəklər. Belarus millisi isə hazırda Lukaşenkonun günündədir. Qrupda normal formada olan bir komanda var idi, Azərbaycan millisi onun altında qaldı – turnir cədvəlində.

Həm də, bilirsiz, məsələ üç ardıcıl oyunda qələbə qazanmaq filan deyil. Məsələ odur ki, sən yaxşı nəticəni rəqiblərinin pis gündə olmasına görə qazanırsan, yoxsa öz gücünlə. İllər əvvəl Azərbaycan millisi Bakıda Norveçi məğlub etmişdi, Robert Prosineçkinin dövründə. Azərbaycanlı futbol zəhmətkeşləri vəcdə gəlmişdilər ki, vəssalam, “bekle bizi, Avropa, seni yakmaya geliyoruz”. Elə həmin mövsümdə ortababdan da aşağı səviyyədə olan Şimali İrlandiya millisi Azərbaycan yığmasını 4 cavabsız qolla məğlub edincə, futbol zəhmətkeşlərimizin köpü alındı.

Yəni gözəl insanlar, nəticə illərlə görülən, planlı, strategiyası olan işin qarşılığında qazanılanda nəticə olur. Azərbaycanın aşağıdan yuxarıya, bütün milli komandalarında planlı, strategiyaya hesablanan iş var? Əlinizi qoyun ürəyinizin üstünə, deyin ki, var.

Futbolda planla, strategiya ilə, addım-addım irəli gedən ölkəni deyim? Biri elə Qazaxıstan, digəri də Lüksemburq. Həm klub, həm də milli komandalar səviyyəsində iş görürlər. Bizimki isə vallah, iş deyil. Nəsə qazandığımızda da ya təsadüf olur, ya da rəqiblərin “ölu dövrü”nə düşür.

Yəni 60 dəqiqə azlıqda qalan Qazaxıstan millisi üzərində qazanılan qələbədən vəcdə gəlib, Avropaya barmaq silkələyərək, sizi gözləməsini tələb etməyin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button