UEFA superkubokunu “Real” qazandı

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA superkuboku uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda “Real” (İspaniya) və “Ayntraxt” (Almaniya) komandaları qarşılaşıb.

Madrid klubu UEFA Çempionlar Liqasının, Frankfurt təmsilçisi isə Avropa Liqasının son qalibi kimi superkubok matçında oynamaq hüququ qazanmışdı. Bu komandalar 62 ildən sonra yenidən avrokubokların finalında qarşılaşıb. İspaniya və Almaniya təmsilçiləri daha əvvəl 1959/1960 mövsümündə UEFA Çempionlar Kubokunun həlledici oyununda bir-birinə rəqib olmuşdu. Həmin matçda 7:3 hesablı qələbə qazanan Madrid klubu ardıcıl 5-ci dəfə titula sahib çıxmışdı. Buna kimi 7 dəfə superkubok matçına çıxmış “Real” bunların 4-də qələbə qazanmışdı. “Ayntraxt” isə ilk dəfə belə bir oyunda iştirak edirdi.

Qarşılaşmanın taleyini 2 qol həll edib. “Real” rəqibini hər hissədə bir dəfə fərqlənməklə məğlub edib. İlk yarıda David Alaba, ikinci hissədə isə Kərim Benzema rəqib qapısına yol tapıb.

Xatırladaq ki, indiyədək bu titula ən çox “Barselona” ilə “Milan” yiyələnmişdi. Hər iki komanda 5 dəfə superkubok qazanmışdı. Bugünkü zəfəri sayəsində “Real” da zirvəyə şərik çıxıb.

UEFA Super Kuboku
10 avqust

Real – Ayntraxt 2:0
Qol
: Alaba, 37. Benzema, 65.
Baş hakim: Maykl Oliver.
Helsinki. Olimpiya Stadionu.