
“Turan Tovuz”un formasını geyinmək mənim üçün şərəf idi”
“Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, kapitan rəhbərliyə, məşqçilərə və azarkeşlərə təşəkkürünü bildirib:
“Bəzən futbolda ən çətin an meydanda deyil, vidalaşmaq məcburiyyətində qaldığın andır.
Bu gün qürurla kapitanı olduğum “Turan Tovuz” PFK ilə yollarımı ayırıram.
Bu formanı daşımaq mənim üçün sadəcə peşəkar bir məsuliyyət olmadı – bu, mənim üçün şərəf, qürur və böyük bir inam idi. Bu komandanın kapitanı olmaq mənə təkcə futbol deyil, insanlıq, birlik və məsuliyyət öyrətdi.
Birlikdə sevindik, birlikdə üzüldük, çətin günlərdən birlikdə keçdik. Hər dəfə bu formanı geyinəndə arxamda bir rayonun, bir klubun və böyük bir ailənin gücünü hiss etdim.
Başda rəhbərlik olmaqla, məşqçilərimizə, komanda yoldaşlarıma və bizi heç vaxt tək buraxmayan böyük azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Mənə göstərdiyiniz hörmət və sevgi həyatım boyunca mənimlə qalacaq.
Bu gün ayrılan bir futbolçu ola bilərəm, amma qəlbimdə bu klubun yeri həmişə başqa olacaq.
Kapitan sarğısını çıxarmaq olar… amma bu klubun mənə verdiyi dəyərləri heç vaxt çıxarmaq olmaz.
Haqqınızı halal edin”.
Şəhriyar Əliyev 2022/2023 mövsümündən “Turan Tovuz”un formasını geyinirdi.
Bizi Facebook-da izləyin



