AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü: “Ya futbola əlvida deyilməli, ya da futbolu bu günə salanlara”

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında yenə 8 komanda mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, AFFA Lisenziyalaşdırma Komissiyası 1-ci divizionda çıxış edən “Turan Tovuz”, “Kəpəz”, “Qaradağ Lökbatan” və “Zaqatala” klublarına Premyer Liqada iştirak etmək üçün lisenziya verməyib. Mövsümün əvvəlində Premyer Liqada komanda sayının artırılacağı deyilsə də, son qərarla yenə 8 komandalı çempionatın olacağı rəsmiləşib.

“Turan Tovuz” klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov məsələ ilə bağlı “feysbuk” hesabında paylaşım edib. O, paylaşımında bunları qeyd edib:

“Turan”a lisenziya verilmədi. “Kəpəz”ə, “Zaqatala”ya verilmədi. Bəs kimə verildi? Bu nə futboldur oynadırsız, cənablar? İndən sonra nə qədər oynadacaqsız, deyin bilsinlər. Bir reqlament tapıb, ortaya çıxara bilmirsizmi? Nə qədər olar axı? Nəzərə alın, Gəncənin, Tovuzun, Lənkəranın, Şəmkirin, Qazağın, Qusarın, İmişlinin, Yevlaxın, Masallının, Mingəçevirin komandalarının bir turda topladığı azarkeş sayı sizin mövcud formatda keçirdiyiniz Premyer Liqanın 5 illik azarkeş sayından çoxdur. Niyə onların hissi ilə oynayırsız? Əyalət uşaqlarının ümidlərini niyə qırırsız, niyə sındırırsız? Nə mənası var adına birinci divizion deyib, hər il uzun futbol marafonu keçirməyin? O azarkeşlər stadiona niyə toplanır? Nəyə ümid edirlər? Bu, aşkar rəzalətdir. Analoji hadisənin qonşu ölkələrdə, ümumiyyətlə, postsovet məkanında baş verdiyini eşitmisiz? Gürcüstanın 4 liqasında 160-a yaxın komanda oynayır. Ayıb deyilmi bizə? Birdəfəlik məsələ qaldırın müvafiq orqanlar qarşısında ki, topun Azərbaycana idxalına qadağa qoyulsun. Stadionlar marketlərə, bazarlara satılsın, yerlərində şadlıq sarayları tikilsin. Görün onda neçə alverçi, neçə satıcı, neçə xidmətçi olacaq, evlərinə çörəkpulu aparacaqlar. Bizə futbolçu lazım deyil. Heç futbol da lazım deyil. Göstərirlər də hər axşam televizorda.

Məntiqə baxın, lisenziya verilmədi! Niyə, nə səbəbdən verilmədi, kim vermədi? Klubun bazası yenilənir, akademiya yaradılır, amma lisenziya verilmir. Verin də, yazan bəlli, pozan bəlli, niyə verilməsin? Onda nə xeyri, nə mənası o akademiyaların? Uşaqların valideynlərinin, qohumlarının, özlərinin ümidlərini niyə puç edirsiz? Gəncədə, Tovuzda müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri var, buraxın onları gedib valideynlərinə bağ təsərrüfatında kömək etsinlər. Altı nəfərlik legioner limiti də imkan verməz ki, gedib Premyer Liqada oynasınlar. Bir sözlə, tunelin sonunda işıq görünmür. Ya futbola əlvida deyilməli, ya da futbolu bu günə salanlara”.