
Toral Bayramov “Bursaspor”a keçdi
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçib.
Komanda.az xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb.
Bildirilib ki, Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin, milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.
“Qarabağ” 25 yaşlı oyunçunun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.
Xatırladaq ki, “Bursaspor” səviyyəcə üçüncü çempionat hesab edilən 2-ci liqada mövsümü lider kimi başa vurub və 1-ci liqaya vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



