“Məsuliyyət birbaşa Barış Şimşək və onun komandasının, onlara güvənənlərin üzərinə düşür” – Tahir Süleymanov

Azərbaycan Premyer Liqasında artıq 7 tur geridə qalıb. Keçirilən oyunlardan sonra hakimliklə bağlı narazılıqların, şikayətlərin sayı da getdikcə çoxalır.

Ötən tur Qəbələdə keçirilən “Qəbələ” – “Qarabağ” matçında (1:2) baş hakim Elçin Məsiyevin verdiyi yanlış qərarlar idman mediasında və sosial şəbəkədə xeyli müzakirə olundu. Onun “Qarabağ”ın əleyhinə olan yanlış qərarları, qırmızı, sarı vərəqələri sağa-sola paylaması narazılığın əsas səbəbləridir.

Bu hakimliklə Azərbaycan futbolu hara gedir və ya, hara gedə bilər? Bu suallarla keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezindeti Tahir Süleymanova müraciət etdik. Tahir bəy Komanda.az-a açıqlamasında bildirdi ki, hakimlikdə olan problemlərin əsas məsuliyyəti AFFA Hakimlər Komitəsinin üzərindədir:

“Çempionatın startından, ilk turlardan kobud hakim səhvlərinin yetərincə olduğu sezilirdi. İstər hakim idarəçiliyi, istərsə referi-VAR anlaşması problemləri kütləvi xarakter alırsa, bir oyun, fərdi olaraq bir hakim üzərində deyil, müzakirələr ümumi problemlərin nədən qaynaqlandığı üzərində aparılmalıdır. Azərbaycan hakimlik məktəbi Avropa, dünya çapında hər zaman güclü olub. Ölkə futbol təsərrüfatı nə qədər dağıdılsa, bataqlığa sürüklənsə də, bu gün də istedadlı hakimlərimiz yox deyil. Potensial var, məsələ onların inkişafının necə təmin olunmasındadır. Bunun da məsuliyyəti birbaşa Barış Şimşək (AFFA Hakimlər Komitəsinin sədri ) və onun komandasının, onlara güvənənlərin üzərinə düşür. Hazırda demək olar ki, asan, keçid oyunlar olmadığı, komandalar arasında balans yarandığı, rəqabət artdığı üçün, hakim idarəçiliyi qüsurları qabarıq üzə çıxır, daha çox müzakirələrə səbəb olub. Baxmayaraq ki, çempionatda hakimlik üçün münbit şərait yaradılıb, təhlükəsizlik, təzyiq halları yox dərəcəsindədir. Belə vəziyyətdə aşırı hakim səhvlərinin baş verməsi, Premyer Liqaya hazır olmamağın nəticəsidir.

Konkret, oyuna gəldikdə, ikili qırmızı vərəqənin tələb olunduğu epizodda bir tərəfin cəzalandırılması yolverilməzdir. Oyun üstünlüyü prinsipindən istifadə olunmaması, bir çox matçlarda ikili mübarizələrdə verilən qərarlarda yanlışlıq, metodiki səhvlər, VAR-la sinxron anlaşmanın zəifliyi, fərdiliklə yanaşı, ümumi hakimlik sistemində nöqsanların qabarıq olmasının göstəricisidir. Təbii ki, hakim oyunu zəif idarə edirsə, qiyməti də buna uyğun olmalıdır”.

Süleymanov bir turda eyni hakimin fərqli oyunlara təyinat almasından da narazıdır:

“Azərbaycan futbolunda hakimlik adına son illərdəki kimi heç vaxt rahat şərait olmayıb. Klubların, məşqçi, futbolçuların, böyük ölçüdə azarkeşlərin bir-birinə olan qarşılıqlı hörməti, ictimai nəzarət, sabitlik yüksək səviyyədə idarəçiliyin olmasını şərtləndirir. Bunun üçün Barış Şimşək ortaya keyfiyyətli iş qoymalıdır. Təəssüf ki, əksi baş verir. Bir turda eyni referinin fərqli oyunlara təyinatı hakimlər arasında hansı “sağlam rəqabət”in olduğunun əyani göstəricisidir. Belə durumda obyektivlikdən, inkişafdan danışmağa dəyməz. AFFA, yarışlara cavabdeh PFL rəhbərliyi, eyni zamanda, Klublar Komitəsi belə hallara göz yummamalıdır, nəzarət, tələb gücləndirilməlidir. Strateji olaraq düzgün iş qurulmalıdır ki, irəliləyiş də olsun!”

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button