“Problemin baş məşqçidə olmadığını başa düşməliyik” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında birinci dövrəni 3-cü pillədə başa vuran “Səbail”in baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

– “Səbail”in Premyer Liqadakı startı barədə nə deyə bilərsiz?

– Start uğursuz başladı. Bizim üç oyuna bir xalımız var idi. Sonradan komanda toparlanmağı bacardı. Buna səbəb yeni komanda yaranması idi. Adaptasiya üçün zamana ehtiyacımız var idi. Üç oyundan sonra toparlana bildik. Komanda mövsümə pis başlamışdı, ancaq sonradan altı oyunda məğlub olmayaraq, beş matçda qalib gəldik. Güclü komandalara qarşı baxımlı oyun göstərməyi bacardıq.

– Ümumiyyətlə, komandanızın yeni mövsümdə ümumi çıxışını necə qiymətləndirirsiz?

– Bu mövsüm çempionatda böyük rəqabət gedir. Bütün klublar bir-birlərinə qalib gəlmək gücündədir. İndidən proqnoz vermək çox çətindir. Hər bir komandanın tutduğu yer təsadüfi olmayacaq.

– “Səbail” növbəti matçını “Neftçi”yə qarşı keçirəcək. Sizcə, komandanız məğlubiyyətsizlik seriyasını davam etdirə biləcək?

– “Neftçi” ilə oyunlarımız həqiqətən gərgin keçir. Birinci dövrədə olan oyun da çox gərgin bir matç idi. “Neftçi” yaxşı futbolçulardan təşkil olunub. Yaxşı baş məşqçiləri var. Taktiki cəhətdən savadlı oyun göstərirlər. “Neftçi”də olan futbolçular güclü oyunçulardır. Ümumiyyətlə, bundan sonrakı oyunların hamısı çətin olacaq. Mövsüm başlamazdan əvvəl bizə autsayder kimi baxırdılar. Amma indi liderlər qrupundayıq deyə, ciddiyə alacaqlar və hər oyun bizim üçün finala bərabər olacaq.

– Milli komandalara görə fasilə komandanın performansına necə təsir edəcək?

– Düşünürəm ki, hər bir komanda eyni vəziyyətə düşdü. Bizim millidə çıxış edən iki futbolçumuz var idi. Milli üçün hər bir oyunçu hazır vəziyyətdə olmalıdır. Milli fasilə bütün komandalara eyni şəkildə təsirini göstərdi.

– Azərbaycan millisinin son iki oyunu haqda nə düşünürsüz?

– Milli son dörd oyunda əlindən gələni etdi, bacardıqları futbolu oynadılar. Rəqib qarşısında əlacsız olmayan bir komanda gördük. Son oyunlarda komanda hücum qurmaqda çətinlik çəkmirdi. Düşünürəm ki, milli son oyunlarda yaxşı təsir bağışladı. Ən əsası, qrupu autsayder kimi başa vurmadıq.

– Oğlunuz Coşqun Diniyev Avstriya ilə matçdan sonra tənqidlərə məruz qaldı. Onun millidəki çıxışı haqda nə deyə bilərsiz?

– Coşqun son üç oyunu yaxşı səviyyədə keçirdi. Avstriya ilə qarşılaşmada yorğunluq hiss olunurdu. Nəyinki o, bütün komanda yorğun idi. Dörd oyun ardıcıl 90 dəqiqə oynamaq hər oğulun işi deyil. Coşqun üzərinə düşən vəzifəni yerinə yetirdi. Kim necə baxırsa, onun öz məsələsidir. Coşqun zəif çıxış etmədi, sadəcə öz oyununu tam göstərə bilmədi. O, milli üçün dəyərli bir futbolçudur.

– Azərbaycan millisinin Avstriya yığmasına məğlubiyyətində baş məşqçi Canni De Byazinin hansısa səhvlərə yol verdiyini düşünürsüz?

– Xeyr, De Byazinin hansısa səhvə yol verdiyini düşünmürəm. Bayaq dediyim kimi, milli komanda son oyunlarda normal təsir bağışladı.

– Sizcə, millidə hansı dəyişiklikləri etmək lazımdır? Məsələn, baş məşqçi dəyişikliyi uğur qazanmağa kömək edər?

– Bunlar zəncirvari şəkildə bir-birinə bağlanmış böyük məsələlərdir. Bir şeyi qeyd etmək istəyirəm ki, biz yenə baş məşqçi problemi axtarırıqsa, yenə həmin vəziyyət başımıza gələcək. 32 ilə yaxındır ki, biz eyni yerdə problem axtarırıq. Baş məşqçiləri dəyişə-dəyişə gəlmişiksə və uğur qazana bilmiriksə, deməli, problem məşqçidə deyil. Yaxşı futbolçular yetişdirmək, yaxşı çempionat, yaxşı uşaq məktəbləri yaratmaq lazımdır. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Problemləri hamımız bilirik, amma həll yolunu heç kim tapa bilmir. Biz problemin baş məşqçidə olmadığını başa düşməliyik.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button