“Sevilya”nın futbolçusu Fransa klubunda

İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi Roni Lopeslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 26 yaşlı futbolçunu Fransanın “Trua” klubuna icarəyə verib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Vinger 2023-cü ilin 30 iyununa kimi Liqa 1 təmsilçisinin uğurları üçün çalışacaq.

Lopes İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. O, 2019-cu ildə “Monako”dan 25 milyon avro qarşılığında “Sevilya”ya transfer olunub. Futbolçu əvvəlki mövsümlərdə “Nitsa” və “Olimpiakos”a da icarəyə verilib. Yarımmüdafiəçi daha öncə “Lill”də də forma geyinib. O, Braziliyada dünyaya göz açsa da, Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmalarında, həmçinin əsas millisində (2 oyun) forma geyinib.

Roni Lopesi heyətinə qatan “Tura” öz hücumçusu Yoan Tuzqar ilə də yollarını ayırıb. 35 yaşlı forvard “Ayaçço”ya transfer olub. Təcrübəli futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. O, 2018-ci ildən formasını geyindiyi “Trua”da 121 oyuna çıxıb, 40 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Tuzqar daha öncə “Soşo”, “Oser”, “Lans” və “Amyen” kimi klubların da formasını geyinib. Fransada dünyaya göz açan forvard, Tunis yığmasında 6 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button